YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan enerji layihələrini uğurla icra edir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ölkəmizin böyük həcmdə yaşıl enerji potensialı mövcuddur. Belə ki, Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavat olaraq qiymətləndirilir. Həmçinin quruda 27 qiqavat külək və günəş enerjisi potensialı vardır. Bütün bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə də külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan bərpaolunan enerji mənbələrindən istifadədə maraqlıdır və bunun üçün müvafiq layihələrin icrasına başlanılmışdır. Dövlətimiz hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparır. Eyni zamanda, ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Yaxın müddətdə BP şirkəti ilə birlikdə Cəbrayıl rayonu ərazisində 240 meqavatlıq elektrik stansiyasının inşa edilməsi də planlaşdırılıb.

Ümumiyyətlə, Azərbaycan dövləti enerji istehsalı və ixracını şaxələndirməyi hər zaman əsas tutur. Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında da Prezident İlham Əliyev bu haqda geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, enerji təchizatının davamlı şaxələndirilməsi zəruri məsələdir və Azərbaycan buna hər zaman hazırdır. Məlum olduğu kimi Azərbaycan dünyanın bir çox ölkələrinin, xüsusən də Avropanın enerji təchizatında böyük rola malikdir. Belə olan halda, enerji təchizatının şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin yaşıl enerji sahəsində həyata keçirəcəyi layihələr isə bunun üçün geniş imkanlar yaradacaq. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasındakı çıxışında onu da vurğuladı ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadəyə başlaması yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan yaranacaqdır. Ölkəmizin regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin icrası sahəsində uğurlu fəaliyyət tarixcəsi vardır. Bütün bunlar isə ölkə Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində reallaşmış layihələrdir. Belə ki, Azərbaycanın təşəbbüs və iştirakı ilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft boru kəməri,  Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrin hər biri uğurlu olmuşdur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında  Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planları uğurlu olacaq. Bunun üçün isə  işlər  komanda şəklində davam etdirilməli, iştirakçılar bir-birini davamlı surətdə dəstəkləməlidir.