YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun doğum günü qeyd olunub

Abşeron rayonunda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının giziri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun doğum günü qeyd edilib.

Anım tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, şəhidin həyat yoldaşı Kəmalə Allahyarova, İlahiyyatçı Rasim Xudaverdiyev və başqaları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda Azərbaycan Ordusunun yağı düşmən üzərində Qələbəsinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.

Vətən Müharibəsi Qəhrəmanının həyat yoldaşı Kəmalə Allahyarova Şahinlə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Çıxışlardan sonra məktəblilər Vətənə və qələbəyə aid səsləndirdiyi şeirlər səsləndiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Şahin Allahyarov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.