YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tehranın riyakar siyasəti və bumeranq effekti – TƏHLİL / VİDEO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum bir çox məsələlərin üzərinə yenidən işıq saldı. Xüsusilə də, Tehran rejiminin anti-Azərbaycan siyasəti bir daha ifşa olundu.

Ekspertlərin qənaəti budur ki, səfirliyə edilmiş hücum sadəcə Vyana və Cenevrə konvensiyalarının pozulması, terror aktı deyil, həm də son dövrlərdə, xüsusilə də İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra İranın ölkəmizə qarşı isterika vəziyyətində həyata keçirdiyi riyakar siyasətin növbəti elementidir. 

Halbuki tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan İranla münasibətlərdə tamamilə yeni bir səhifə açmaq niyyətində idi. Xüsusilə də, qələbədən dərhal sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırmasını rəsmi Tehran ona uzadılan dost əli kimi qiymətləndirməliydi. Amma bu ölkə Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etməsindən narahatlıq duyaraq bunu İranın “qırmızı xətti” kimi dəyərləndirməklə, sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirməklə, necə deyərlər, körpüləri yandırdı. Bundan sonra bir-birinin ardınca yeni istehsalına başladıqları PUA-larla məğlub Ermənistan ordusunu silahlandırmaları, Qafanda tələm-tələsik konsulluq açmaları, Tehranla İrəvan arasında qardaşlaşma müqaviləsinin imzalanması və İran mediasında Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının şiddətlənməsi reallıqların nədən ibarət olduğunu göstərdi. Nəhayət, bu dövlətin Allahın evində - məsciddə donuz saxlayan, müsəlmanlara qarşı misli görünməmiş terror aktları, soyqırımı törətmiş ermənilərə qucaq açması İranın adında daşıdığı İslamla heç bir əlaqəsi olmadığını, dindən siyasi maraqları təmin etmək üçün riyakarcasına istifadə etdiyini göstərir.  Bəli, görünən dağa bələdçi lazım deyil: fars rejimi üçün siyasi mənfəət dini dəyərlərdən üstündür.

Heç şübhəsiz, isterika və geosiyasi təcrid vəziyyətində olan, sanksiya əsirinə çevrilmiş İranın dağıdıcı mövqeyi və qeyri-adekvat siyasəti regionda reallıqları dəyişə, proseslərə yön verə bilməz. Tehran bu reallığı nə qədər tez dərk etsə, bir o qədər özü üçün faydalı olar. Əks halda, bumeranq effekti, yaxud yeni geosiyasi zəlzələlər İranın ciddi dağıntılar altında qalmasına səbəb ola bilər. Hər halda, düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz..!