YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2 fevral – Azərbaycan gənclərinin və gəncliyinin günü

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru

2 fevral – Gənclər Günü. Artıq 26 ildir ki, bu tarix Azərbaycanda gənclərimizin özəl təqvim günü kimi qeyd edilir. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Məlumat üçün bildirim ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq ölkəmizdə keçirilib. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.

Beləliklə, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan bu gün məhz, onun gənclərə, gəncliyə olan böyük diqqət, qayğı, sevgisinin parlaq təzahürü idi. Gənclər Günü təsis edilərkən o zamanlar hər şeydən narazı bəzi qüvvələr ölkəmizin ağır durumunda belə əlamətdar günlərinin təsis olunmasının düzgün olmadığını əsaslandırmağa çalışırmışlar. Lakin Ulu Öndər Heydər Əliyev çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq və hiss edirdi ki, ölkəmizin taleyüklü məsələlərini də onlar həll edəcək. Ona görə “dövlətin hər cür maddi-mənəvi diqqəti gənclərin üzərində olmalıdır”, - deyə düşünür və edirdi.

Məlum məsələdir ki, hər yaşlı nəsil özündən sonra gələn gənc nəsili bəyənmir. Tanınmış qocaman neftçi, akademik Xoşbəxt Yusifzadə televiziyaların birinə verdiyi müsahibə zamanı jurnalistin – Sizin də zamanınızda yaşlı nəsil gəcləri bəyənmirdi – sualına cavabı təxminən belə oldu: “O vaxtda elə yaşlı insanlar həmişə deyirdilər ki, bizim zamanımızda gənclər belə deyildi, böyük-kiçik yeri bilirdilər, böyük danışanda, kiçiklər qulaq asardı. İndiki gənclərin oxumağa-yazmağa marağları yoxdur, deyə-deyə, bir növ öz gənclikləri ilə qürurlanır, özlərindən sonra gələn biz nəsilin nümayəndələrini tənqid və bəzən məzəmmət etməkdən çəkinmirdilər”.

Belə olan halda burada qeyri-adi bir şey axtarmağa dəyməz. Bütün dönəmlərdə yaşlı ilə gənc nəsilin fikirlərinin üst-üstə düşmədiyi məqamlar olub, sözsüz ki, bundan sonra da olacaq. Bu gündə nəinki yaşlı, hətta biz  orta yaşlı nəsil təmsilçiləri də bir çox hallarda gənclərin davranışlarını bəyənmirik. Buna nümunə olaraq, ictimai nəqliyyatda yaşlılara yer verməyən, bərkdən danışıb-gülən gənclərə aqressiv yanaşanları göstərə bilərik. Çox vaxt da gənclərin onlara hörmətsizlik etdiyindən şikayətlənirik. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər bizlərə xoş gəlmir. Nyutonun qanununda olduğu kimi qüvvə əks qüvvə yaradır: yəni gənc nəsilin də bəzi hallarda özlərindən yaşlıları bəyənmədiyini müşahidə edirik. Gənclər onlara köhnə düşüncəli insanlar kimi yanaşır, fikirlərinə o qədər də əhəmiyyət vermirlər.

Bəli, məktəbdə onu müstəqil həyata hazırlayan müəllimin üzünə ağ olub, kobud davranışlar edərək, sonra da onu telefonun videoyaddaşına çəkib sosial şəbəkələrdə paylaşırsa, üstəgəl belə yanlış hərəkətlərini sanki qənrəmanlıq kimi təbliğ edən gəncliyi tənqid etməkdə cəmiyyət haqlıdır. Ancaq sahib olduqlarından daha çox şey əldə etmək istəyən müasir, XXI - texnologiyalar əsrinin gəncliyinin bizdə olmayan potensialını, imkanlarını da tanımalı, əldə etdikləri nailiyyətdən daha çox olan arzularının həyata keçməsinə şərait yaratmalıyıq.

Unutmayaq ki, bu gün bəzi davranışlarını bəyənmədiyimiz Azərbaycanın müasir gəncliyi ancaq əcnəbi filmlərdə gördüklərimizi real həyatda canlı etməklə bizi hədsiz sevincə qərq edir, qürurlandıra bilirlər.

Bir mənalı razılaşmalıyıq ki, vətən-torpaq sevgisi, namus-qeyrət, yaşlıya, uşağa hörmət-izzət, məzlumun arxasında zalimin qarşısında olmaq cəsarəti, şücaəti Azərbaycan gəncindəki qədər heç bir başqa millət, dövlət, ölkələrin gənclərində ola bilməz. Onlar təkcə 44 günlük Vətən Müharibəsində göstərdikləri misilsiz vətən sevgisi, yaratdıqları vətənpərvərlik nümunələri ilə hər biri ayrı-ayrılıqda dastan yazdılar. Söhbət biz və bizdən əvvəlki nəsilin yaşadığı dövrdə yaranan, ancaq həll edə bilmədiyimiz “Qarabağ yarası”nı sağaldan son 15-20 ilin gəncliyindən gedir. Həyatın şirinliyini dadmadan, nakam ömürlərini dastana çevirən Xudayar Yusifzadə, Cəbrayıl Dövlətzadə, Vüsal Allahyarov, İman-Bəhram Məmmədzadə, Altay-Elgün Mövlanov əkiz qardaşları, Amid Heydərov, Əliqismət Yaqublu və neçə-neçə gənc şəhidlərimizin acı həyat  hekayələrini oxuduqca, dinlədikcə, izlədikcə onlarla təkrar-təkrar qiptə edirik. O gənclərimiz vətənin gözəlliklərini yaşlılarımız qədər yaşamadan, Qarabağın əsrarəngiz təbiət möcüzələrini görmədən bir balaca qəlblərində o torpaqlar, bütövlükdə vətəni qarşılıqsız sevdilər ki, gözlərini qırpmadan ölümün ağuşuna atıldılar.

İndi də onların yolunu davam etdirən gənclərimizlə rastlaşırıq. Bu günlərdə Azərbaycanın virana qalmalı İranın Tehran şəhərindəki səfirlik binasına xaincəsinə terror aktı həyata keçirən zaman özünü şir kimi əliyalın, köməksiz halda silahlı terroristin üzərinə atan qəhrəman şəhid Orxan Əskərov və Vasif Tağıyevin dillərə dastan olan qəhrəmanlıqlarını və ya gənc ekofəallarımızın artıq 52 gündür ki,  Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərinə əzm və qətiyyətlə ehtiraz etmələrini, gecə-gündüz bilmədən aksiya keçirmələrini görüb can Azərbaycanımızın gəncliyi ilə necə fəxr etməyə bilmərik? 

Hazırda Azərbaycan gəncliyi yeni yaranmış reallıqlara uyğun formada inkişafın yeni mərhələsini yaşayır. Ölkə rəhbəri, cənab İlham Əliyevin rəhbərliyi ilə istər gənclər siyasəti, istərsə də gənclərlə bağlı yenilənən dövlət proqramları uğurla icra olunur. Məqsəd sosial-siyasət, elm-təhsil, mədəniyyət, idman sahəsində gənclərin daha yeni-yeni uğurlara, hədəflərə həvəsləndirmək, təşviq etməkdir.

Bunun məntiqi nəticəsidir ki, istedadlı, bilik-bacarıqlı gənclərimiz hər bir sahədə irəli çəkilir. Dövlətimizin icra, qanunvericilik, məhkəmə hakimiyyətlərində, yerli özünüidarəetmə orqanlarında kifayət qədər gənclərimizə yüksək vəzifələr ehtimad olunub. Bütün bunlar, prezident cənab İlham Əliyevin dilə gətirdiyi “Mən gənclərimizə özüm qədər inanıram” tezisinin əyani sübutudur.

Əziz gənclər gün bu gündür, o da Sizin gününüzdür. Ancaq düşünürəm ki, 2 fevral həm də özünü gənc hesab edən yaşlıların bayramıdır. Çünki gəncliyin yaşı yoxdur.  İsrailin prezidenti mərhum Şimon Peresin gəncliyə xitabən söylədiyi hər zaman aktual olan fikirlərinə görə, əgər Siz özünüzün gənc və ya qoca olduğunu bilmək istəyirsinizə, cavab sadədir. Yaddaşınızda olan nailiyyətlərinizi və arzularınızı hesablayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz. Əksidirsə, deməli, siz qocalmısınız.

Ona görə də gənclərimizin və özünü gənc hesab edənlərimizin bayramı mübarək olsun, Allah Azərbaycan gəncliyini qorusun!!!