YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan gənci daha parlaq gələcəyə inamla addımlayır

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Zamanın axarı dünyanın düzənində müxtəlif kateqoriyalarla yanaşı gəncliyin də iştirakının nə qədər önəmli olduğunu əsaslandırdı. Zaman Ümummilli lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” hikmətini 44 günlük II Qarabağ müharibəsində gəncliyin fədakarlığı fonunda bütün fəlsəfəsi ilə sübuta yetirdi və gənclər siyasətini gənclərin cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyən və onların öz cəmiyyətlərinin fəal və məsuliyyətli üzvləri, eləcə də dəyişikliyin öncülləri olmalarını təmin edən imkanlar və təcrübələr təmin etmək məqsədi ilə dövlət orqanları tərəfindən həyata keçirilən bir strategiya olduğu ideyasına cəmiyyəti təşviq etdi.

Azərbaycanda gənclər siyasətinin məqsədi gənclərin formal, qeyri-formal təhsil, demokratiya, insan hüquqları və qanunun aliliyi dəyərlərinə dəstək verən politika olaraq inkişaf etməkdə olan nəslə yönəlib və gənclərə insan hüquqlarını müdafiə edən və demokratik həyatda tam iştirak edən, məşğul və məsuliyyətli Azərbaycan vətəndaşları olmağa imkan verməkdir. Bu strateqiyada gənclər siyasətini əsaslandıran və onu beynəlxalq standartlara uyğunlaşdıran insan hüquqları və demokratiya, müxtəlif cəmiyyətlərdə birlikdə yaşamaq və sosial inteqrasiyaya nail olmaq prioritetləri əsasdır. Bu gün Azərbaycan gəncliyi gənclərin bilik, bacarıq və səriştələrini inkişaf etdirməsinə imkan verən öyrənmə, imkan və təcrübə, demokratiyanın faktoru olmağa, cəmiyyətə inteqrasiya etməyə və xüsusilə həm vətəndaş cəmiyyətində, həm də əmək bazarında fəal rol oynamağa yönələn imkanlara malikdir. Gənclər siyasətinidə bu imkanların yaradılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən ölkənin gənc əhalisi üçün yaxşı yaşayış şəraiti və imkanlarının təmin edilməsi istiqamətində öhdəliyi və təcrübəsi uğurla davam və inkişaf etdirilir.

Azərbaycan cəmiyətində hökumətin gənclərə münasibəti Davos İqtisadi İnkişaf Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibə və çıxışlarında öz əksini tapdı. Davos görüşündə Moderatorun “Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?” kimi suallarına Prezident İlham Əliyevin əsaslandırılmış: ”Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”-cavabı Azərbaycanda gənclər siyasətinin mahiyyətinin bir daha cəmiyyətə açıqlanması, dəyərləndirilməsidir. Əgər tarixin səhifələrini vərəqləyib ötən əsrin 90-cı illərinin əvvəllərinə qayıtsaq, dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin dəyişməsi fonunda , gənclər qarşısında duran problemlər və həlli yollarının da dəyişdiyini görəcəyik. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal rolunu dəstəkləyir.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir. 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Prezident Sərəncamı gəncliyə diqqətin dövlət baxışının nümunəsidir.

Bu gün Azərbaycan gənci artıq yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malikdir və gənc nəsilin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır və Azərbaycanın parlaq gələcəyinin ümid işiqları olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərin cəmiyyətə inteqrasiyası istiqamətindəki uğurlu daxili və xarici siyasətini dəstəkləyərək daha parlaq gələcəyə inamla addımlayırlar.