YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərə dövlətin qayğısı yüksək səviyyədədir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi şəxsiyyət hər zaman gənc nəslə xüsusi diqqət və qayğı göstərmiş, gəncləri  Azərbaycanın gələcəyi adlandırmışdır. Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Məlum olduğu kimi MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər Günü ölkəmizdə təsis edilmişdir ki, bu günün təsis edilməsi də məhz ümummlilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir.

Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətini ölkəmizdə uğurla davam və inkişaf etdirərək  yüksək intellektli, müasir dünyagörüşlü, vətənpərvər ruhlu gənc nəslin yetişdirilməsini təmin etmişdir. Ölkə başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Həmçinin kadr təyinatları zamanı gənclərə böyük üstünlük verilməsi dövlətimizin gənclərə olan etmadının göstəricisidir. Bir sözlə, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Ölkəmizdə idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğı da gənclər siyasəti ilə sıx əlaqələlidir. Dövlətin dəstəyi sayəsində Azərbaycan idmanı davamlı olaraq inkişaf edir, bu isə ölkədə sağlam gənc nəslin yetişməsində mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə beynəlxalq əhəmiyyətli idman yarışlarının da keçirilməsi idmanın təbliği, bu sahəyə gənclərin marağının artırılması baxımından təqdirəlayiq haldır. Beynəlxalq tədbirlərin keçirilməsi həmçinin könüllülük fəaliyyətinə də gənclərin marağını artırır və onların sosiallaşmasına təkan verir. Gənclərin sosiallaşmasında, eləcə də vətənpərvər ruhda formalaşmalarında paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən Gənclər evlərinin mühüm rolu vardır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.  Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. 2020-ci ildə 44 günlük Vətən müharibəmiz də sübut etdi ki, Azərbaycanda gənclər yüksək vətənpərvərlik ruhunda tərbiyə olunublar və torpağa, Vətənə bağlı gənclərdirlər. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdırlar. Həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biri də məhz budur.