YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı üçün yeni imkanlar mövcuddur

Dövlət başçısı İlham Əliyevin son iki ildən artıq dövrdə xarici səfərlərində əsas diqqət göstərdiyi məsələlərdən biri postmünaqişə dövrünün reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri olur. Ölkə Prezidentinin bu günlərdə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, mətbuata bəyanatlarda iki ölkənin gələcək inkişafını özündə əks etdirən hədəflərin açıqlanması və sair kimi mühüm addımlar əsasında işğaldan azad edilmiş ərazilərimizlə bağlı görülən və görüləcək işlər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı bərpa-quruculuq işlərinə başlanan zaman bu prosesdə dost ölkələri, onların şirkətlərini də görmək istədiyimizi diqqətə çatdırmışdı. Cənab İlham Əliyevin Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün bu və ya digər sahələrdə mövcud imkanlar bir daha diqqətə çatdırıldı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirdi ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır: “Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bütün tikililər dağıdılıb.  Bütün infrastruktur işğal dövründə yerlə-yeksan edilib. Qarabağ və Şərqi Zəngəzur yenidən canlandılır, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etmək üçün zəruri addımlar atılır. Şəhərlərin, kəndlərin Baş planları hazırlanır. Azərbaycanın şəhərsalma təcrübəsi daim təqdir edilsə də daim irəli baxmağa, baş verən yeniliklərin də ölkəmizdə tətbiqinə maraq göstərən Azərbaycan Avropa dövlətlərinin, o cümlədən Macarıstanın təcrübəsindən istifadə etməyə səy göstərir.”

Millət vəkili qeyd edib ki, ikitərəfli əlaqələrin gündəliyinə çıxarılan məsələlər, həmçinin imzalanan sənədlər  Macarıstan və Azərbaycanın  iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirməkdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə  göstərməkdə maraqlı olduğunu təsdiqləyir: “Dövlət başçısı İlham Əliyev mətbuata Bəyanatında bu mühüm məqama da diqqəti yönəltdi ki, hazırda 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcək.”

“Azərbaycan dost və tərəfdaş ölkələrlə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır” deyən Əliabbas Salahzadə vurğulayıb ki, hazırkı dövrdə Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsində başlıca amil olan minatəmizləmə prosesi də Azərbaycanın əməkdaşlıq əlaqələrinin genişləndirilməsində xüsusi qeyd edilir: “Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Dövlət başçısı İlham Əliyev bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar gördüyünü bildirdi. Bütün hallarda əsas hədəf Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinin tezliklə başa çatdırılması, soydaşlarımızın bu torpaqlara qayıdışı və ərazilərimizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək ölkəmizin dayanıqlı inkişafına dəstək olmaqdır.”

Millət vəkili Azərbaycanın bu uğurlarında liderliyinin rolunu xüsusi qeyd edib: “Ölkəmiz hər zaman birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Yaradılan sabitlik və iqtisadi mühit ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyəcək layihələrin uğurlu icrasına yol açır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri də bunu deməyə əsas verir. Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında Avropanın enerji təhlükəsizliyinin həssas məqama qədəm qoyduğunu önə çəkərək bu reallığı diqqətə çatdırdı ki, yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.”

Əliabbas Salahzadə bu ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi, yeni tərəfdaşlar qazanması günümüzün əsas gerçəkliklərindəndir.