YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər

Yanvarın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneə törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.