YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanovda 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra gənclərə dövlət qayğısından bəhs edən video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, gənclər hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində mühüm işlərin görülməsidir.

S.Vəliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını söyləyib. Əlavə edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzindədir.

Daha sonra Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən deputat Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Həmçinin gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəli olduğunu bildirərək, ölkədə dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin intellektual səviyyəli kadrların hazırlığından asılı olduğunu vurğulayıb.

Xaricdə ezamiyyətdə olan Milli Məclisin deputatı Vüqar İskəndərov videomüraciətlə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Toğrul Məmmədəli, Vətən müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Nəcəfzadə, "EMEDİA GROUP" media təşkilatının rəhbəri Elşən Əliyev nitq söyləyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşdığını və onların ölkənin ictimai-siyasi həyatında böyük rol oynadığını vurğulayıblar. Natiqlər ümummilli lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, bugün də eyni siyasi xəttin ulu öndər Heydər Əliyevin layiqli davamçısı, gənclərin və xalqın əvəzsiz Lideri, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini diqqətə çatdırıblar.

"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov isə çıxışında gəncləri təbrik edib, onlara davamlı uğurlar arzulayıb.

Sonda “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin bir qrup gənci aktiv fəaliyyətinə görə diplom, sertifikat və təşəkkürnamə, gənclərə dəstək olan rəsmi qonaqlara isə fəxri fərmanlar təqdim olunub.