YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yüksələn xətlə inkişaf edir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycanın ərəb ölkələri ilə böyük tarixi-mədəni bağlılığı var.Bu isə təbii ki, ölkələrimiz arasındakı ticarət, iqtisadi və mədəni əlaqələrin, həmçinin bir çox mühüm sahədəki əməkdaşlıq münasibətlərinin inkişafına  öz müsbət təsirini göstərir. Məlum olduğu kimi Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün ərəb dünyası ilə Azərbaycan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Faktiki göstəricilərə nəzər salsaq BƏƏ ilə də münasibətlərimizin yüksək səviyyədə olduğuna şahid olarıq. Qeyd edə bilərəm ki, Azərbaycanda 360 BƏƏ investisiyalı kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır. 2021-ci ilin aprel ayında Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. 2021-ci il martın 15-də Bakıda “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2022-ci il iyunun 4-də Bakı Enerji Həftəsinin Şuşa şəhərində keçirilmiş xüsusi sessiya çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyev həmin mötəbər tədbirdə iştirak edib, xüsusi çıxışı ilə bir çox məsələləri ictimaiyyətin diqqətinə çatdırıb:- Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir.Tədbir çərçivəsində Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.

Doğrudan da bu mötəbər tədbirdə ölkəmizin təmsil olunması Prezident İlham Əliyevin ali rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən Azərbaycanın dünya miqyasında hörmətinin və artan nüfuzunun bariz nümunəsidir. Ölkəmizin əldə etdiyi nailiyyətlərə baxsaq görərik ki, düzgün və çoxvektorlu siyasətimiz nəticəsində Azərbaycan bu gün böyük inkişaf yolu keçir və hər il saysız-hesabsız uğurlara imza atır!