YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcəkdir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ideyasının irəli sürülməsi artıq qüvvədən düşmüş əvvəlki qanunun yenilənməsi üçün vacib idi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi siyasi zərurətdən doğmuşdur.

Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ölkəmizdə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir.

Bu qanun layihəsinin hazırlanması zamanı ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr təşkil olunub. Qeyd etmək lazımdır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti qısa müddət ərzində qanun layihəsinin strukturu, konsepsiyası, ölkədə aparılan siyasi islahatların dərinləşdirilməsi, siyasi partiyaların institusional inkişafının gücləndirilməsi barədə təklif və istəklərini Milli Məclisə təqdim etdilər. Dinləmələrdən sonra qanun layihəsində müsbətə doğru 110 əlavə və dəyişiklik edilib. Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni qanun siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcəkdir.

Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-nin layihədə nəzərə alınmasıdır.

Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər.

Müzakirələr nəticəsində layihədə aparılan dəyişikliklər ilə bir çox məhdudiyyətlər və problem yaradacaq məqamlar aradan qaldırılıb. Eyni zamanda partiyanın təsis olunması və sənədlər ilə bağlı göstəricilər dəyişdirilib. Layihə beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun şəkildə hazırlanıb. İctimai müzakirələr davam etdikcə layihə daha da təkmilləşdirilmişdir. İctimai dinləmələrdə siyasi partiyaların iştirakı, onların irad və təkliflərinin nəzərə alınması Azərbaycanda mövcud demokratik mühitin yüksək səviyyədə olduğunun göstəricisidir.

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixdə imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir.

Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi. Yeni qanun əvvəlkindən fərqli məqamları özündə ehtiva edir. Belə ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Yeni qanun layihəsinə siyasi partiyalar tərəfindən göstərilən yüksək maraq bir daha onu nümayiş etdirdi ki, bu, təşəbbüs vaxtında irəli sürülüb və ölkə rəhbərinin müəyyən etdiyi yeni siyasi konfiqurasiyanın tam formalaşması, siyasi dialoq mühitinin daha da yaxşılaşdırılması və ölkədə siyasi sistemin təkmilləşdirilməsi, Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi önəm kəsb edir.