YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-də islahatlar nə üçün zəruridir? – TƏHLİL / VİDEO

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir çox mühüm məqamlara toxundu. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də BMT-də ciddi islahatlara ehtiyac olması idi. Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır.

Bəli, 70 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Çünki:

- birincisi, təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Hətta artıq bəzi beynəlxalq hərbi əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının mövqeyinə (icazəsinə) ehtiyac yoxdur;

- ikincisi, Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya,  Şərqi Timor, Ruanda presedentləri də mövcuddur. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət 4 qətnamənin yerinə yetirilməməsindən gedir. Bu hal Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməklə dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi.

Faktlar təsdiqləyir ki, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Hətta bir müddət öncə “əgər yeni ölkələr “beşliyə” əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır” yanaşmasının irəli sürülməsi bu arqumenti təsdiqləyir.

Bütün hallarda Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməli, “beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində əlavələr və düzəlişlər olmalıdır. Bu, qaçılmazdır. Və BMT dilemma qarşısındadır: “ya olum, ya ölüm”. Təşkilatın xilası - inam və etimadın, korlanmış imicin bərpası üçün islahat ya olmalı, ya da olmalıdır. Əks halda, olmayan BMT olacaq!