YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Kiyev i ne tolko” jurnalı birinci Avropa Oyunları ərəfəsində ukraynalıların bələdçisinə çevrilib

Azərbaycanın milli bayramı – Respublika Günü ərəfəsində Kiyevdə “Kiyev i ne tolko” jurnalının Azərbaycana həsr olunmuş may-iyun nömrəsi işıq üzü görüb.

Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli nəşrə təbrik sözündə bildirib ki, bu jurnalla tanış olmaq onun üçün çox xoşdur. O, tam əmindir ki, bunu Ukraynada yaşayan xarici diplomatlar və başqa əcnəbilər də qiymətləndirəcəklər. Diplomat vurğulayıb ki, Azərbaycan səfirliyi xalqlarımız arasında mədəni dəyərlər mübadiləsini gücləndirmək üçün jurnalın naşiri ilə əməkdaşlıq etməyə şaddır. O, “i-Kyiv” layihəsinin rəhbərliyinə və jurnalın kollektivinə bu mühüm missiyada uğurlar arzulayıb.

“Kiyevdə Heydər Əliyev parkı” sərlövhəli materialda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı nümayəndəliyi vasitəsilə həyata keçirilən ilk sosial layihələrdən birindən – Kiyevin ən qeyri-adi və gözəl bağlarından sayılan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın yaradılmasından danışılır.

Yazıda deyilir: “Parkda tava daşlarından və işıqlandırmadan tutmuş unikal “Şeyx Səfi” xalçasının surətinə qədər hər şey fərdi sifarişlə dörd ölkədə - Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanıb”.

Materialda parkda Heydər Əliyevə ucaldılmış abidədən, Ulu Öndərin bioqrafiyasından, “Şeyx Səfi” xalçasından, parkın arxa hissəsində Bakı qalası rəmzi divarından, Azərbaycanın rəngarəng bitkilər aləmindən danışılır. Qeyd edək ki, bitki kompozisiyalarında hər bir bitkinin özünəməxsus gözəlliyi əks olunub.

Məqalənin sonunda deyilir: “Burada maqnoliya, ağcaqayın, gavalı, qaraçöhrə, sakura, heyva, zoğal, zirinc ağacları əkilib. Onlardan unikal landşaft kompozisiyası - xalqın həmrəyliyinin və birliyinin rəmzi olan Azərbaycanın xəritəsi yaradılıb.

Jurnalın qoşa səhifəsi birinci Avropa Oyunlarına həsr edilib. Material belə də adlanır: “Bakı 2015–ci il birinci Avropa Oyunlarının tarixinin də paytaxtıdır”. Materialda Azərbaycan paytaxtından, onun özünəməxsus və bənzərsiz tarixindən və gözəlliyindən, Qız qalası, Şirvanşahlar Sarayı, Bibiheybət məscidi kimi tarixi abidələrindən, yaraşıqlı Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, unikal idman obyektləri nümunəsində müasir arxitekturasından danışılıb.

Məqalə bu sözlərlə başa çatır: “Bakının tarixi irsindən və müasir həyatından çox yazmaq olar. Amma nə qədər yazılırsa-yazılsın, böyük şəhərin bütün rənglər palitrasını canlandırmağa yetərli olmayacaq. Bakını görmək və duymaq lazımdır”.

“Ukrayna-Azərbaycan: musiqi körpüləri”, “Azərbaycan mətbəxi” adlı digər materialların sərlövhələri ukraynalı oxucunu Odlar Yurdunun zəngin mədəniyyəti və əsrlərə söykənən ənənələri ilə tanış olmağa istiqamətləndirir, turistlərə və azarkeşlərə məsləhətlər verir.

Rəngarəng şəkillərlə illüstrasiya edilmiş “Kiyev i ne tolko” jurnalı Azərbaycanın Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə dərc olunub.