YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəyliyimiz sarsılmaz və əbədidir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Odlar yurdu Azərbaycanın qədim  tarixi, zəngin mədəniyyəti və təbiəti, qonaqpərvər insanları, möhtəşəm coğrafi mövqeyi onu unikal edən əsas amillərdəndir. Bu doğma diyarımızı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, müasir Azərbaycanın və Partiyamızın qurucusu dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır”.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci  illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir. Bu tarixi hadisələr soydaşlarımızın birliyini daha da möhkəm bağlarla təmin etmişdir.1989-cu ildə Naxçıvanla İran arasındakı sərhədlərin dağıdılması və bundan sonra o taylı – bu taylı həmvətənlərimizin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev həqiqətən də xalqın xilaskarı və təkrarolunmaz şəxsiyyətdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin ali rəhbərliyi altında tarixi Qələbələrə imza atır. Prezident İlham Əliyev Azərbaycanın cənubunda yaşayan soydaşlarımız tərəfindən dəstəklənən və sevə-sevə təbliğ olunan güclü Liderdir. Bizim cənubdakı soydaşlarımıza daim dəstək olacağımızı möhtərəm Prezidentimiz regional və beynəlxalq tribunalardakı  çıxışlarında dəfələrlə qeyd edir. Ona görə mübariz xalq olan azərbaycanlıların birliyi əbədi və sarsılmazdır. Partiyamızın Sədri, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşən dünya azərbaycanlılarını Həmrəylik Günü və qarşıdan gələn Yeni il-2023-cü ilin gəlişi münasibətilə səmimi-qəlbdən təbrik edir,doğma xalqımıza firavan və xoşbəxt gələcək arzu edirəm.