YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyədə gedir

«Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyədə gedir. Bunun üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Son parlament seçkilərinin keçirildiyi 2010-cu ildən bu günə qədər Azərbaycan böyük inkişaf mərhələsi keçib. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə uğurlar gətirib. Təbii ki, əldə olunan nailiyyətlər partiyamızın növbəti parlament seçkilərinə inamla getməsi üçün ciddi əsaslar verir». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mayın 30-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanlar daha yaxşı yaşamağa başlayıblar. Onun sözlərinə görə, bütün bunların hamısı ölkəmizdə həyata keçirilən Prezident siyasətinin müsbət nəticələridir.

«Hakimiyyətdə olan partiya kimi biz növbəti seçkilərə  məhz bu nailiyyətlərlə, uğurlarla, yeniliklərlə gedirik.  İnsanlar hər bir partiyaya,  xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən hesab  edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən  müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər.  Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində  Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir. Belə olan halda, hər bir vətəndaş təbii olaraq, ölkəmizdə, o cümlədən, öz həyatlarında müsbət dəyişikliklərin davamlı olmasını arzu edərək hakimiyyətdə olan partiyanı və onun irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. İnsanlar şahidi oldular ki, Prezident komandasının verdiyi sözlər vəd olaraq qalmır, lazımi səviyyədə yerinə yetirilir. Güman edirəm ki, seçki dövründə də ölkə miqysında aparacağımız təbliğat bu fundamental dəyişikliklərə və nailiyyətlərə istinad edəcək»- deyə, YAP Sədrinin müavini vurğulayıb.