YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan daim dini zəmində nifrətin alovlandırılmasına qarşı mübarizəyə çağırıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Küveytdə keçirilən 42-ci sessiyasında çıxış edib.

Nazir deyib ki, dünyamızın, xüsusilə də müsəlman ölkələrinin hazırda qarşılaşdığı əsas çağırışları nəzərə alaraq, “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” haqqında sessiya çox aydın mesajlar çatdırmalı və İƏT çərçivəsində İslam dini haqqında məlumatlılığın artırılması üzrə səylərin gücləndirilməsi, eləcə də müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqinə töhfə verməlidir.

Sonuncu iclasdan keçən dövr ərzində Pakistanın Peşəvər məktəbindəki qətliam, Nigeriyada Boko Haram qəddarlığı, Parisdə amansız qətllər, İŞİD tərəfindən törədilən vəhşiliklər, həmçinin Səudiyyə Ərəbistanında məsciddə onlarla insanın ölümünə səbəb olan partlayış kimi kədərli və faciəli hadisələrin şahidi olmuşuq. Bu mənfur əməllərin icraçılarının dini təhrif edərək öz qeyri-insani məqsədləri üçün istifadə etmələri dərin təəssüf hissi doğurur. Nəticədə, bu əməllərin hamısı İslam dininin dünyanın bəzi hissələrində yanlış başa düşülməsinə gətirib çıxarır. İslam bütün etiqadların insanları arasında sülhü və qarşılıqlı anlaşmanı təşviq edən dindir və dini mənsubiyyətindən asılı olmayaraq istənilən insana qarşı zorakılıq və təcavüzün bütün formalarını qəti şəkildə qadağan edir.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan daim dinlərin nüfuzuna xələl gətirilməsinə və dini zəmində nifrətin alovlandırılmasına qarşı mübarizəyə çağırıb. Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan terrorizmin bütün forma və təzahürlərini və kim tərəfindən, harada və nə məqsədlə törədilməsindən asılı olmayaraq terrorçu əməlləri qınayır.

Nazir deyib: “Multikulturalizm və tolerantlığın inkişafına davamlı töhfələrimizin tərkib hissəsi kimi mayın 18-19-da Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Biz gələn il ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyik.

Hamıya məlumdur ki, idman sosial əlaqələrin və şəbəkələrin gücləndirilməsi və sülhün, qardaşlığın, həmrəyliyin, qeyri-zorakılığın və tolerantlığın təşviqi üçün güclü alətdir. Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək və bu tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəf və məsuliyyətdir”.

Fələstindəki vəziyyətin və Əl-Qüds Əl-Şərif məsələsinin beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb etdiyini vurğulayan xarici siyasət idarəsinin rəhbəri deyib: “Biz İƏT-in baş katibi və onun heyətinin səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərini təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan Hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və sabitliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətin yaradılmasında tam dəstəyini təsdiq edir”.

Elmar Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Azərbaycan ərazilərinin işğal olunmasına, zəbt edilmiş ərazilərdə məlum etnik təmizləməyə görə Ermənistanın pislənilməsi ilə bağlı uzunmüddətli davamlı mövqelərinə görə İslam ümmətinə, İƏT-ə üzv dövlətlərə və İƏT Katibliyinə bir daha təşəkkürünü bildirir: “Biz BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında tələb olunduğu kimi, təşkilata üzv dövlətlərin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələbini yüksək qiymətləndiririk”, - deyə nazir əlavə edib.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan sürətli iqtisadi tərəqqinin ardınca son illərdə inkişaf edən donor ölkəyə çevrilib. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi 2012-ci ildən bəri milli donor institutu kimi fəaliyyət göstərir. Agentlik İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilən korluğa qarşı mübarizə ittifaqı” kampaniyası ilə bir sıra Afrika ölkələrində humanitar fəaliyyət göstərib. Nəticədə, kataraktadan əziyyət çəkən minlərlə insanda göz əməliyyatı həyata keçirilib.

Sonda Azərbaycanın xarici işlər naziri İƏT-in məqsəd və prinsiplərinin həyata keçirilməsində peşəkarlığa görə baş katib İyad bin Amin Mədəniyə təşəkkürünü bildirib.

 

DİGƏR Xəbərlər Arxiv