YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanda MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Qazaxıstanın Burabay kurort qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilir.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Toplantıda MDB çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20 sənəd layihəsi ilə bağlı müzakirələr aparılır. Həmçinin iqtisadi sahədə MDB ölkələri üçün aktual olan beynəlxalq nəqliyyatda daşımalar zamanı nəqliyyat təhlükəsizliyinin təmin olunması strategiyası, maliyyə və iqtisadi məsələlərin birgə həlli yolları, innovativ əməkdaşlığı tənzimləmək məqsədilə qəbul edilən sənədlərin həyata keçirilməsi və iştirakçı ölkələrin 2020-ci ilədək dövrü əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının 2015-2016-cı illərdə həyata keçiriləcək tədbirləri müzakirə edilir.

İclasda MDB dövlətlərinin 2020-ci ilədək regionlararası və sərhədyanı əməkdaşlığına dair fəaliyyət planının həyata keçirilməsi üzrə konsepsiya layihəsi barədə də fikir mübadiləsi aparılacaq. Gündəliyə, həmçinin humanitar məsələlərin müzakirəsi də daxil edilib. Bundan başqa, MDB hökumət başçıları 2016-2020-ci illər üçün mədəniyyət sahəsində Müstəqil Dövlətlər Birliyi ölkələrinin əməkdaşlıq perspektivləri haqqında məsələyə də baxacaqlar. 2025-ci ilədək meşə sənayesi və meşə təsərrüfatında bir sıra sənədlərin təsdiqlənməsi planlaşdırılır.

Toplantıda beynəlxalq daşımaların təhlükəsizliyi, radiasiya, kimyəvi və bioloji mühitin monitorinqlərinin keçirilməsi, həmçinin digər vacib məsələlər də diqqət mərkəzində olacaq. Həmçinin ümumtəhsil təşkilatlarının müəllimlərin ixtisasının artırılması haqqında Sazişi nəzərdən keçirəcək, “MDB təhsil əlaçısı” döş nişanı təsis ediləcək, müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi və birləşmiş nəzarət sisteminin inkişafının əsas istiqamətləri təsdiq olunacaq.

Şuranın növbəti iclası bu il oktyabrın 30-da Düşənbədə keçiriləcək.