YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Respublika Günü Vaşinqtonda təntənəli ziyafətlə qeyd olunub

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda 28 May - Respublika Günü münasibəti ilə təntənəli ziyafət təşkil edilib.

ABŞ paytaxtının ən möhtəşəm tarixi binalarından biri olan “Endryu Mellon Auditorium”da (Andrew Mellon Auditorium) baş tutan ziyafətə Ağ ev administrasiyasının rəsmiləri, ABŞ hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpusun, akademik dairələrin və yerli ictimaiyyətin təmsilçiləri, Azərbaycan, türk və yəhudi icmalarının üzvləri də daxil olmaqla, minə yaxın qonaq qatılıb. Bu, hətta Vaşinqton üçün nadir hallardan biri idi ki, rəsmi ziyafət bu qədər maraq doğurur, belə geniş sayda iştirakçı toplayırdı.

Tədbirin əvvəlində Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşlıq etdiyi Vaşinqton şəhərinin Alis dil orta məktəbinin (Alice Deal Middle School) şagirdlərindən ibarət xorun ifasında ABŞ və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Ziyafətdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müsəlman Şərqində ilk demokratik parlament respublikasının 97 il əvvəl məhz Azərbaycan Respublikasında qurulduğunu xatırladıb və onun qısa bir müddət yaşamasına baxmayaraq, əvəzsiz miras qoyduğunu qeyd edib. Səfir vurğulayıb ki, müxtəlif mədəniyyət və dinlərin bir məkanda qovuşduğu Azərbaycan öz müxtəlifliyi ilə dünyanın üzləşdiyi radikalizm meylərinə tutarlı cavab verir. Qarşıdan gələn həftələrdə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının təşkil olunacağı təsadüfi xarakter daşımır.

E.Süleymanov Azərbaycan xalqının öz müstəqilliyinə möhkəm şəkildə bağlı olduğunu bildirib və əlavə edib ki, bu gün Azərbaycan tam müstəqildir, lakin eyni zamanda, hər bir dövlətlə əlbir işləmək istəyir. Səfir Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün məsələlərə məhz bu prizmadan yanaşdığını bildirib. O, həmçinin ABŞ Prezidenti Barak Obama və digər rəsmilərin müxtəlif vaxtlarda açıqladıqları mövqelərə istinadən, enerji və təhlükəsizlik başda olmaqla, ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə təşəkkül tapan uğurlu əməkdaşlığı diqqətə çatdırıb. Elin Süleymanov Azərbaycan Silahlı Qüvvələrinin şücaətini alqışlayaraq, milli ordunun yaranmasının 97-ci ildönümü münasibətilə bütün hərbçilərimizi təbrik edib.

Sonra ABŞ Milli Qvardiya Bürosu rəhbərinin müavini general leytenant Cozef Lenqyel çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini səsləndirib. Milli Qvardiya Tərəfdaşlıq Proqramı çərçivəsində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında həyata keçirilən məhsuldar əməkdaşlığı alqışlayıb. O, həmçinin ötən 15 il ərzində Əfqanıstanda və müxtəlif bölgələrdə aparılan əməliyyatlara verdiyi dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib.

ABŞ-ın Minsk qrupundakı həmsədri, səfir Ceyms Vorlik çıxış edərək, Respublika Günü münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırıb. O, ölkəmizə dəfələrlə etdiyi səfərlər zamanı xalqımızın özünəməxsus mədəniyyəti və insanların isti münasibəti və qonaqpərvərliyi ilə qarşılaşdığını söyləyib. Eyni zamanda, son iyirmi ildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana və regiona vurduğu zərərin şahidi olduğunu qeyd edib, eləcə də münaqişə nəticəsində yüz minlərlə dinc əhalinin məcburi köçkünə çevrildiyini xatırladıb. Səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə davamlı həllinin tapılması səylərinə sadiq qaldığını və yekun həll üçün vaxtın yetişdiyinə inandığını vurğulayıb. C.Vorlik Azərbaycanın ötən illərdə əhəmiyyətli tərəqqi etdiyini və münaqişənin nizamlanmasının daha böyük inkişafa şərait yaradacağını bildirib. Amerikalı səfir, həmçinin ABŞ və Azərbaycan arasında qarşılıqlı dəyər və məqsədlərə əsaslanan ikitərəfli münasibətlərin inkişafından da bəhs edib.

Vaşinqton şəhərinin meri xanım Muriel Bauzerin (Muriel Bowser) adından Kolumbiya mahalının katibi Lauren Voqan (Lauren C. Vaughan) mayın 28-nin Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan edilməsinə dair bəyannaməni oxuyub. Həmçinin Merilend Ştatının qubernatoru Lorance Hoqan adından Respublika Günü münasibətilə açıqlanmış bəyanat səfir Elin Süleymanova təqdim olunub.

Ziyafət iştirakçıları üçün Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrə açılıb və tədbir boyu Azərbaycandan bəhs edən video-görüntülər yayımlanıb. Bundan başqa, Vaşinqtonda fəaliyyət göstərən “Silk Road Dance Company” ifasında milli rəqslərimiz təqdim olunub və tədbir rəngarəng musiqi proqramı ilə davam etdirilib.