YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan önəmli tranzit ölkəsidir

İlqar İlyasov

YAP laçın rayon təşkilatının sədri

Azərbaycan və türk dövlətləri arasında olan əlaqələr tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlığa söykənir. Xalqlarımızın eyni soykökə, tarixə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu ölkələri həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Hazırda siyasi müstəvidə türk dövlətləri arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki türk dövlətlərinin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkanlar var. Xüsusi olaraq bu istiqamətdə Azərbaycanın türkdilli ölkələr arasında bir körpü funksiyasını yerinə yetirmək gücünə malik olduğunu söyləmək yerinə düşərdi. Belə ki, Azərbaycan tranzit-loqistika funksiyasını yerinə yetirməklə ölkənin həm iqtisadi, həm də turizm potensialını genişləndirə bilər. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 dekabr tarixində təşkil edilmiş Üçtərəfli Zivə Görüşündə demişdir: “2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır... Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır”.  Qeyd olunanlar türk dövlətləri arasında iqtisadi inteqrasiyanın sürətləndiyinin göstəricisidir.

Həmçinin son illərdə Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara nail olub. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Hər üç ölkədə nəqliyyat-loqistikaya qoyulan sərmayələrin yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır”.

Yuxarıda sadalananlar önəmli tranzit ölkəsinə çevrilməyimizin göstəricisidir. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən sistemli işlər ölkəmizin tranzit ölkəsi olmaq yolunda daha uğurlu addımlardan biridir. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizinin, avtomobil yolu üzrə 70 faizi icra olunması, bu istiqamətdə işlərin 2024-cü ildə tamamlanacağına və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağına ümidlərimizi daha da artırır.

Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin yaxın gələcəkdə 25 milyon tona çatdırılması nəzərdə tutulur.

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunanlar Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsinin bariz göstəricisidir. Tranzit nəqliyyat infrastrukturunun yaranmasında Azərbaycan, Türkiyə və Türkmənistan əlaqələrinin daha da intensivləşməsi digər türk dövlətlərinin də bu prosesə qoşulacağından xəbər verir. Bu isə öz növbəsində böyük bir cöğrafi ərazinin iqtisdi əlaqələrinin genişlənməsinə təsir edəcək.

DİGƏR Xəbərlər Arxiv