YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Ermənistanın ekoloji terroruna son qoyulmalıdır

“Məlum olduğu kimi, 30 ilə yaxın müddət ərzində davam etmiş işğal dövründə erməni qəsbkarları Azərbaycan ərazilərində soyğun, talançılıq, hərbi cinayətlərlə yanaşı davamlı olaraq ekoloji terror da həyata keçirmişdir. Bu əməllər nəticəsində ölkəmizin təbiətinə, su mənbələrinə ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, bu gün də Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri davam etməkdədir. Təqdim olunan təsdiqlənmiş məlumatlara görə hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarında aparılan qeyri-qanuni qazıntı və emal işləri nəticəsində təbii sərvətlərin talan edilməsi davam edir. Eyni zamanda da bu işlər Azərbaycan təbiəti üçün ciddi ekoloji fəsadlar törətməkdədir. Bununla bağlı dekabrın 3-dən Azərbaycan tərəfi sülhməramlı kontigentin komandanlığı ilə danışıqlar aparmış və nəticədə ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı monitorinq aparmasına dair razılıq əldə olunmuşdur. Lakin buna baxmayaraq dekabrın 10-da sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilmişdir. Sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Etirazçıların haqlı tələbləri Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasından ibarətdir. Bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Ermənistan tərəfi əsassız iddialar əks etdirən bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmağa çalışır: “Ermənistan tərəfinin guya ki, Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti qətiyyən əks etdirmir. Bu kimi bəyanatlarla rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Həmçinin qeyd olunmalıdır ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları da Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur. Nəhayət, üçtərəfli Bəyanatın 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Maraqlıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bununla belə son vaxtlar bəzi ölkələrin XİN-ləri tərəfindən məsələyə qərəzli reaksiyalar verilir. Bu isə problemin həlli və vəziyyətin normallaşması istiqamətində aparılan işləri əngəlləyir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

DİGƏR Xəbərlər Arxiv