YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb

 

Ermənistan Xarici İşlər Nazirliyinin 2022-ci il 13 dekabr tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli Bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir.

Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 2022-ci il 13 dekabr tarixli bəyanatına dair şərhində yer alıb.

Şərhdə bildirilib: “İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə tərəfimizdən bəyan edilib.

Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari il dekabrın 3-dən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.

Əldə olunmuş razılığa uyğun olaraq, dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar Azərbaycan xalqının etirazına səbəb olub.

Bununla yanaşı, Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırımı siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.

Qeyd olunmalıdır ki, məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfəri jurnalist olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35-i mülki şəxsdir.

“Ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycan öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır”.