YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması Heydər Əliyev siyasətinin təntənəsidir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Əbəs yerə “Zaman hakim, tarix isə yaddaşdır” deyilmir. Hər bir hadisənin, eyni zamanda, keçilən yolun düzgün təhlilini vermək üçün tariximizə söykənir, yazılan səhifələri vərəqləyərək ümumiləşdirmə aparırıq. Qalib Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə, tarixi paralellər əsasında təhlillər aparanda bu fikri böyük inamla və əminliklə qeyd edirik ki, müasir müstəqil Azərbaycan doğrudan da ulu öndər Heydər Əliyevin şah əsəridir. Müstəqilliyimizin ilk illərində xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül, “olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı onu bu vəziyyətdən çıxaracaq yeganə liderin ulu öndər Heydər Əliyev olduğunu hakimiyyətə qayıtması çağırışı ilə ifadə etdi.  Hər zaman xalqının yanında olan Ümummilli Lider xalqın təkidli tələbini müsbət cavablandıraraq hakimiyyətə qayıtdı. Bu tarixi qayıdış Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas etdi, inkişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.

Ölkəmizdə sabitliyin, normal biznes mühitinin yaradılması Azərbaycanın iqtisadi tərəqqisində əhəmiyyətli rol oynadı. Belə ki, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin olan dövlətlər, şirkətlər Azərbaycanla əlaqələrinin qurulmasına maraq göstərdilər. Ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin artması Azərbaycanını bu gününə və gələcəyinə inamdan irəli gəlirdi.

Qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsinə də geniş yol açdı. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən bəhs edərkən daim iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını vacib amil kimi vurğulayırdı. Azərbaycan qısa müddətdə dünya birliynin fəal üzvünə çevrildi. Müstəqil dövlət kimi varlığını daha da möhkəmləndirmək üçün diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi bütün soydaşlarımıza bir çağırış oldu ki, Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin daha dərindən dərk olunmasına yol açdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində erməni yalanları ifşa olundu, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı.

Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı uğurlara imza atdı. Ordumuzun maddi-texniki bazası möhkəmləndi, döyüş qabiliyyəti artırıldı. Orduya diqqət və qayğı gənclərimizin böyük ruh yüksəkliyi ilə hərbi xidmətə getmələrində də öz sözünü dedi. Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə olundu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

Ulu Öndərin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr, gördüyü işlər ölçüyəgəlməzdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması, Azərbaycanın təqdimatı istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Dövlətə xidmətin nümunəsini nümayiş etdirən Mehriban xanım Əliyeva hər bir çağırışı ilə gələcəyimizin aydın mənzərəsini təqdim edir.  Mehriban xanım Əliyevanın çıxışlarında xüsusi qeyd edilən “Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir” fikirləri dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir.

Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza qarşıdakı illərdə daha böyük uğurlar qazandıracaq. Məhz son 19 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması bu əminliyə əsas verir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbəyə imza ataraq hazırda tarixi Zəfərinin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması böyük qürurumuz, Heydər Əliyev siyasətinin təntənəsidir.