YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev – Azərbaycan xalqının xilaskarı

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. Çünki dünya siyasətinin ən nəhəng simalarından olan ulu öndər Heydər Əliyev ölkəmiz üçün ən mürəkkəb və keşməkeşli günlərdə yaranmış çox ağır vəziyyətlərdən çıxmağın ən düzgün, qüsursuz yolunu tapmağı bacardı. Heydər Əliyevi tarixdə bu uca mövqeyə, Ümummilli lider səviyyəsinə yüksəldən, fəaliyyətini zamanlara sığmaz edən ən ali keyfiyyətlərdən birincisi doğma xalqına sonsuz bağlılığı, sevgisi və inamı idi. Xalq da öz liderinə sadiqlik nümayiş etdirir, ona qəlbən inanırdı, o böyük övladını özünə əbədi mayak sanırdı. Bənzərsiz şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə dərhal seçilən Ümummilli lider Heydər Əliyev hələ sağlığında xalqın qəlbində, zehnində abidələşmiş, dünya azərbaycanlılarının tükənməz məhəbbətini qazanmışdı. 

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də "Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan", - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi.

Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.

XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan, deqradasiyadan və sosial-iqtisadi təlatümlərdən xilas etdi. Ötən əsrin sonunda ulu öndərin siyasi uzaqgörənliyi, yorulmaz fədakarlığı və əzmkarlığı Azərbaycanda hökm sürən hərc-mərcliyə, tənəzzülə, vətəndaş qarşıdurmasına son qoydu. Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri, fenomenal şəxsiyyəti, dünyada güclü nüfuzu və strateq məharəti ilə Azərbaycan uğrunda gedən ən kəskin geosiyasi mübarizə və ziddiyyətləri, onların ölkəmizə mənfi təsirlərini tam neytrallaşdırmağa və mübarizədən qalib çıxmağa müvəffəq oldu. Bununla da dövlətçiliyimizin xilaskarının - Heydər Əliyevin dühası sayəsində Azərbaycan uğurlu dövlət modelini formalaşdırdı, gələcək mövcudluğunu və yüksəlişini təmin etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə tərəqqi yoluna qədəm qoyan Azərbaycanın suverenliyi, milli mənafeyə əsaslanan inkişafı əbədi, dönməz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi və özünüdərk ruhu, vətəndaşlıq və azərbaycançılıq məfkurəsi yüksəldi.

Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə Azərbaycanda ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideoloji əsasları və strateji inkişaf istiqamətləri formalaşdırıldı. Dahi rəhbərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi və Cənubi Qafqazın liderinə, regionun sabit inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrildi. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan dünya güclərinin hesablaşdığı, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan dövlət kimi bütün dünyanın diqqətini cəlb etməyə başladı.

Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa­rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası ümum­milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir.