YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı – şanlı Qələbənin əzəmətli nümayişi - TƏHLİL / VİDEO

Dünyada indiyə qədər bir çox müharibə baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi.

Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şanlı və qürurverici səhifələrindən, zirvə hadisələrindən biri Zəfər paradının keçirilməsidir.

2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi oldu.

Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu.

Paytaxt Bakının Azadlıq meydanında bir çox parad keçirilib. Lakin Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir.

Prezident İlham Əliyev paradların birində demişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. O qətiyyətlə və əminliklə bildirmişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək.

Və o gün gəldi... 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir.

Zəfər paradı ölkəmizin gücünün-qüdrətinin, şanlı qələbəsinin nümayişi olmaqla yanaşı, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi, qardaşlığımızın sarsılmaz olduğunu bütün dünyaya göstərdi.

Zəfər yürüşümüz davam edir!