YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Karin Ştrents: Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələrinin işğalı altında qalması beynəlxalq hüquqa ziddir

Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılması beynəlxalq hüquqa ziddir və Dağlıq Qarabağ münaqişəsinin status-kvo vəziyyəti qəbuledilməzdir.

Bu fikri Almaniya Xristian Demokratlar Birliyi (XDB) və Xristian Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, Bundestaqda müdafiə və idman komitələrinin üzvü, Cənubi Qafqaz üzrə Dostluq Qrupunun sədri, eləcə də Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Karin Ştrents “TV Berlin” kanalının “Aus dem Bundestag” verilişinə müsahibəsində deyib.

Müsahibədə Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yaxından iştirak etməsindən, ölkəmizin Avratlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

Karin Ştrents müsahibəsində bildirib ki, onda Cənubi Qafqaz regionuna qarşı xüsusi münasibət yaranıb. Onun fikrincə, Cənubi Qafqaz əlverişli geosiyasi mövqe baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir. O, bu baxımdan Bundestaqın Cənubi Qafqaz üzrə Dostluq Qrupunun hər üç ölkə ilə sıx işlədiyini deyib.

Deputat Azərbaycana xüsusi rəğbətinin ötən ilin əvvəlindən etibarən yarandığını qeyd edib. O, Azərbaycana ilk səfərinin 2010-cu ildə baş tutduğunu xatırladıb. Ölkəmizə parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində gəldiyini bildirib.

“Mənim Azərbaycana ilk baxışdan olan rəğbətim ötən ilin əvvəlində yarandı. Bu ölkəyə olan səfərimdən sonra ürəyimin bir hissəsi orada qalıb. Bu ölkədə sürətli inkişaf baş verib. Azərbaycan həm mədəni, həm də iqtisadi nöqteyi-nəzərdən heyrətamiz ölkədir. Bakı isə çox gözəl şəhərdir”, - deyə almaniyalı deputat vurğulayıb.

Almaniyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan bəhs edən Karin Ştrents bildirib: “Azərbaycanla yaxın münasibət qurmağımız çox vacibdir və biz bu münasibətləri inkişaf etdirmək niyyətindəyik. Parlament qrupunun məqsədi Azərbaycanda parlament üzvləri ilə görüşmək və ölkədəki inkişaf və sosial tendensiyalar barədə müzakirələr aparmaqdır”.

Ölkəmizin Avratlantik məkana inteqrasiya olunmasından söz açan verilişin aparıcı Azərbaycanın özünü Avropanın bir hissəsi kimi gördüyünü deyib: “Bunu “Eurovision” mahnı müsabiqəsindən də görə bilərik. Azərbaycan bu müsabiqədə bir neçə il bundan əvvəl qalib gəlib. Sual bundan ibarətdir: Azərbaycan Avropadan nə qədər uzaqdadır? Coğrafi cəhətdən kifayət qədər uzaqda yerləşir. Buna baxmayaraq, azərbaycanlılar deyir ki, biz özümüzü həqiqətən də avropalı kimi hiss edirik.

K. Ştrents suala cavabında qeyd edib ki, Azərbaycan xalqı müstəqil, çox qürurlu xalqdır. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya edir. Ölkənin yalnız Almaniya ilə deyil, digər Avropa ölkələri ilə də güclü əlaqələri var. Təbii ki, Avropanın iqtisadi inkişaf modeli nümunəvi bir modeldir. Azərbaycanın bu istiqamətə meyilliliyini dəstəkləmək lazımdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə toxunan Karin Ştrents deyib ki, bu məsələ bütün görüş və müzakirələrdə gündəmə gəlir. Dağlıq Qarabağ demək olar ki, artıq uzun müddətdir unudulmuş bir regiona çevrilib. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olan bir regiondur. Bu region ermənilər tərəfindən zəbt edilib. Bu məsələyə beynəlxalq hüquq çərçivəsində aydınlıq gətirilib. Ermənilərin buna baxışı isə tam fərqlidir. Biz həm də bunu nəzərimizdə saxlamalıyıq ki, Dağlıq Qarabağ çox gözəl bir regiondur, onun ərazisi dörd min kvadratkilometrdən çoxdur.

Nəzərə alaq ki, bu region Almaniyanın Saar torpağından ərazisinə görə iki dəfə böyükdür. Təəssüf ki, orada yaradılmış süni sərhədlərə görə azərbaycanlılar bu əraziyə daxil ola bilmir. Bu, çox ağrılı məsələdir və biz danışıqları davam etdirməyə çalışırıq. Ona görə ki, çox vaxt Cənubi Qafqazda olduğu kimi, bu münaqişə dondurulmuş münaqişə deyil.

Biz danışıqlar prosesinin diplomatik müstəvidə davam etməsinin tərəfdarıyıq. Biz hər iki ölkənin diplomatları ilə mütəmadi olaraq görüşlər keçiririk. Azərbaycanın özündə də yüksək səviyyəli rəsmilərlə müzakirələr aparırıq. Onların çox aydın fikirləri var. Biz unutmamalıyıq ki, öz tariximizə əsasən özümüz üçün çox yüksək standartlar müəyyən etmişik - xüsusilə münaqişənin qan axıtmadan, diplomatik yollarla həlli sahəsində. Münaqişədə olan iki tərəf bir-biri ilə danışmaq istəməyəndə vəziyyət mürəkkəbləşir.

Deputat Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş ərazilərin Azərbaycan ərazisinin beşdə bir hissəsinə bərabər olduğunu vurğulayıb. Bundan əlavə, o, Dağlıq Qarabağın ətrafında yerləşən daha 7 rayonun da Ermənistan tərəfindən zəbt olunduğunu diqqətə çatdırıb.

“TV Berlin”in aparıcısının “Bir milyondan artıq insan öz daimi yaşayış yerlərindən məcburi olaraq köçürülüb. Deməyə ehtiyac yoxdur ki, onlar öz vətənlərinə qayıtmaq istəyirlər. Bəs işğaldan 20 il keçəndən sonra nə üçün bu münaqişənin həlli istiqamətində hələ də heç bir irəliləyişə nail olunmayıb? Ermənilər bunu istəmirmi?” sualına cavabında Karin Ştrents bildirib ki, ermənilər azərbaycanlılarla əlaqə qurmağa faktiki olaraq cəhd etmirlər. O, bu məsələni Ermənistan səfirliyi ilə müzakirə etməyə cəhd etdiyini və müqavimətlə qarşılaşdığını, bunun təəssüf doğuran bir hal olduğunu deyib.

Almaniyalı deputat danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam etdiyini və həmsədr ölkələrin böyük səylər göstərdiyini vurğulayıb. Eyni zamanda, danışıqlar prosesində heç bir irəliləyişin əldə olunmadığını bildirib. Onun sözlərinə görə, ermənilər hərəkət etmir, azərbaycanlılar isə fikirlərində qətidirlər.

Azərbaycanlılarla ermənilərin bir yerdə çox yaxşı yaşaya biləcəklərini təsəvvür etdiyini dilə gətirən Karin Ştrents son 25 il ərzində bu münaqişənin daha da intensivləşdiyini, vəziyyətin mürəkkəbləşməsinin hamımızı qəti mövqe tutmağa, danışıqlar aparmağa çağırdığını vurğulayıb.

Xanım Ştrents müsahibəsində kəlbəcərli girovlarla bağlı məsələyə münasibət bildirərkən deyib ki, hər bir insanın sülh şəraitində öz əcdadlarının torpağında yaşamaq hüququ var. Lakin indi azərbaycanlılar ata-babalarının və qətlə yetirilmiş qohumlarının məzarlarını ziyarət edə bilmirlər. Bu vəziyyət qəbuledilməzdir. Bu, insan faciəsidir və bu cür problemlər bizə təsir etməyə bilməz. Hazırda erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağı və ətraf əraziləri dərhal tərk etməsi üçün Avropa İttifaqı, Almaniya Bundestaqı və BMT kimi mötəbər beynəlxalq qurumlar səylər göstərir.

Aparıcının “bəs nə üçün heç nə baş vermir?” sualına cavabında deputat vurğulayıb ki, ermənilər həmin əraziləri tərk etməyə səy göstərmirlər. Burada bir fakt da var ki, biz yeni hərbi münaqişənin alovlanmasını istəmirik.

1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılanda münaqişənin həlli yollarını axtarmaq üçün danışıqlar aparılırdı. 1994-cü ildə silahlı münaqişəyə son qoyuldu və atəşkəs rejimi elan olundu. Düzdür, bu, böyük nailiyyətdir. O vaxtdan bəri danışıqlar prosesinin davamlı olmasına baxmayaraq, biz gözlədiyimiz qədər uğurlu olmayıb. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini pozur. Əgər bir-iki helikopter Ermənistan tərəfdən sərhədi keçərsə, Azərbaycan tərəfi təbii ki, hər zaman özünümüdafiə mövqeyini tutacaq. Almaniya Bundestaqının mövqeyi ondan ibarətdir ki, Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğal altında saxlanması beynəlxalq hüquqa ziddir və münaqişənin status-kvo vəziyyəti qəbuledilməzdir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yaxından iştirak etməsini yüksək qiymətləndirən Karin Ştrents müsahibənin sonunda ölkəmizin həm də etibarlı strateji tərəfdaş olmasından söhbət açıb.

Müsahibənin sonunda aparıcının beynəlxalq Nobel mükafatının Alfred Nobelin Bakıdakı keçmiş neft biznesi hesabına maliyyələşməsi haqda çox az adamın məlumatlı olması şərhinə münasibət bildirən deputat deyib: “O zaman dünyadakı neftin əhəmiyyətli hissəsi Azərbaycanda - Bakıda hasil olunurdu. Təkcə bu fakt Azərbaycanın bir enerji təchizatçısı kimi bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Ukrayna vasitəsilə artıq qaz ala bilməyəcəyimizi nəzərə alsaq, bu məsələnin əhəmiyyəti bizim üçün daha da artır”.