YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Paradı-möhtəşəm tarixi hadisə

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

27 sentyabr 2020-ci il səhər saatlarında erməni təcavüzkarları genişmiqyaslı təxribat törədərək,  cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, adekvat cavab olaraq, erməni ordusunun növbəti vandalizminin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun vahid və güclü komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ermənilər əsrlərdir qarşılaşmadığı gücü gördükdən sonra hərbi vəziyyət və ümumi səfərbərlik elan etmişdir. İlk günlərdən döyüşlərdə aciz qalan Ermənistandan fərqli olaraq, Azərbaycanda  28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Silahlı qarşıdurmanın miqyası getdikcə daha böyümüş İkinci Qarabağ Müharibəsinə çevrilmişdir. Vətən müharibəsi adlandırdığımız və 44 gün davam edən haqq savaşımızda erməni vandallarına ən ağır şəkildə layiq olduqları divan tutuldu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmənə döyüş meydanında qan uddurdu, bir sözlə diz çökdürdü. Cəmi 44 gün ərzində bir-birinin ardınca əcdadlarımızın əzəli yurdu, doğma torpaqlarımız- Qarabağ və ətraf digər rayonlarımız düşməndən azad olundu. Azərbaycan Ordusu 8 noyabr 2020-ci il tarixdə mədəniyyətimizin beşiyi - Şuşanı azad edərkən sıldırım qayalara qalxaraq, misilsiz rəşadət nümayiş etdirdilər. Eyni zamanda digər ərazilərimizin azad olunması zamanı Azərbaycan Ordusu qızıl hərflərdən ibarət şanlı hərbi tarix yazdı. Dünya hərb tarixindəki nadir görünən qəhrəmanlıqdan birini məhz Azərbaycan Ordusu Vətən müharibəsində nümayiş etdirib, döyüş tapşırıqlarını uğurla icra etdi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycan, Rusiya və Ermənistan tərəfi rəsmi olaraq Ermənistanın kapituliyasiyaya uğramasını rəsmiləşdirdilər. Bəyanata əsasən 3 böyük rayonumuz-Ağdam, Kəlbəcər və Laçın heç bir hərbi münaqişə baş vermədən düşməndən geri alındı. Bu isə təbii ki, Partiyamızın Sədri, Zəfər Sərkərdəmiz cənab İlham Əliyevin müdrik siyasətinin növbəti diplomatik qələbəsi idi. 2020-ci ilədək Prezident İlham Əliyev Ermənistan siyasi rəhbərliyini sülhə dəvət edərək, humanizm prinsiplərinə əsaslanmağı məqsədə müvafiq hesab edirdi. Ancaq, ermənilər riyakarlıq edir, tarixi ədalətə qarşı çıxırdılar. Cənab Prezident doğma Qarabağın və ətraf digər rayonlarımızın azad olunması ilə düşmənə sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir. Eyni zamanda ölkə başçısı ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirib, əsrlərdir davam edən erməni mifologiyasını darmadağın etdi. 2020-ci il dekabrın 10-da Bakının mərkəzindəki Azadlıq meydanında keçirilən Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin iştirak etmişdir. Paradda raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və müxtəlif silah növləri nümayiş etdirilib. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Təbii ki, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi həm qardaşlığın bariz nümunəsi, həm də dünya ictimaiyyətinə verilmiş xüsusi birlik mesajı idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. Möhətəşəm paradda Ermənistandan hərbi qənimət kimi götürülən silahlar, texnikalar və digər avadanlıqlar da nümayiş etdirilmişdir ki, bu da Qələbəmizin növbəti əyani sübutlarından biri idi. Prezident İlham Əliyevin Zəfər Paradında səsləndirdiyi dəyərli fikirlər tariximizə yazılmış qızıl sözlər idi: ”Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “Dəmir Yumurğ”u onların belini qıracaq!” Bəli bu gün hər kəs bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.

Partiyamızın Sədri, Prezident İlham Əliyevin ali rəhbərliyi ilə aparılan müdrik siyasətimiz bütün sferalar üzrə sülh, humanizm, ədalət və qarşılıqlı hörmət naminə hesablanmışdır. Azərbaycanı firavan gələcəyə aparan Yeni Azərbaycan Partiyasının böyük və bənzərsiz siyasəti bizi müzəffər xalq olaraq Qələbədən-Qələbəyə aparır!