YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı dünyaya ciddi mesajdır

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Dünya ölkələrinin, xalqlarının tarixində qızıl hərflərlə yazılmış günlər də yox deyil. Hər xalq bunu bir əlamətdar hadisə ilə əlaqələndirir. Bu günlər Vətənlə, onun müdafiəsi, yaxud xalqın azadlığı ilə bağlıdırsa bunu əhəmiyyəti bir az da artır və heç vaxt tarixdən silinmir. 44 günlük Vətən müharibəsinədək Azərbaycanın müharibələrdə əldə etdiyi son zəfər demək olar ki, yaddaşlardan silinmişdi. Son 200 ildə Azərbaycan iri imperialist dövlətlərin maraq dairəsində olub, təcavüzə məruz qalıb, bir milyon kvadrat kilometrdən artıq bir əraziyə malik olan Vətənimiz işğal edilib, bölünüb və Sovet hakimiyyətinin tərkibinə daxil olanda burada lap kiçik bir hissəsi ilə təmsil olunub. Sovet hakimiyyətinin 70 illik varlığına son qoyulanda isə xarici dostlarının dəstəyinə arxalanan Ermənistanın işğalına məruz qalıb. Azərbaycan 30 il dünyada ədalət axtarışında olub, beynəlxalq tribunalardan Ermənistanın ərazilərimizi işğal etməsini sübut edən minlərlə dəlillər gətirib, dünya ölkələrinin tanıdığı sərhədlərimizin zorla dəyişdirilməsinin yolverilməz olduğunu bəyan edib. Beynəlxalq qanunları çeynəyən və əsasən də Ermənistandan bir maşa kimi istifadə edən güclər Azərbaycanın haqlı iradlarını, həqiqəti görməzdən gəlib, əvəzində işğalçı ölkənin tərəfini saxlayıblar. Və...

Beləliklə, dünya birliyinin, BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi qətnamələrin kağız üzərində qaldığını görən Azərbaycan ədaləti bərpa etmək üçün əvvəlcə Ermənistanın təxribatlarına cavab verdi, sonra isə əks hücuma keçərək qanuni, suveren ərazilərini düşməndən azad etdi. 10 noyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələri işğalçı Ermənistan üzərində qəti qələbəsinin təsdiqi kimi Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atdı. Bu, həm də Ermənistanın kapitulyasiyası idi. Müstəqillik tariximizin ilk Zəfər Paradı kimi tarixə düşən 10 dekabr paradı tək regionda deyil, bütün dünyada geniş rezonans doğurdu. Dünyanın əksər ölkələri Zəfər Paradının keçirilməsi münasibətilə xalqımızı, xüsusən də bu Qələbəni bizə bəxş edən Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevi əlamətdar gün münasibətilə təbrik etdilər, mətbuat isə bu xəbəri geniş şəkildə işıqlandırdılar. Zəfər Paradında Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar xəbərlərin manşetində yer aldı. Prezident İlham Əliyev çıxışında Zəngəzur, Göyçə, İrəvan mahalının Azərbaycanın tarixi torpaqları adlandırdı və qeyd etdi ki, bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Qarabağda eyni mənzərə müşahidə olunurdu.

Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi Zəfər Paradında müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 əsgərin və Rəcəb Tayyib Ərdoğanın da paradda iştirak etməsi, Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks etdirən ortaq yürüşü ürəklərə sanki su ələyirdi. Bu mənzərə son 200 illik Azərbaycan tarixində bir ilk idi.

Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə yaddaşlarda hələ çox qalacaq. Bu paradda Azərbaycan şahinləri də öz məharətini göstəriblər.  Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin - həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.

Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini daim hiss edib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını ruhlandırdı, ona qol-qanad verdi, arxasız, köməksiz olmadığını hiss etdirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi.

Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi.

Azərbaycan və Türkiyə rəhbərləri Zəfər Paradını birgə qəbul etməklə yanaşı iki qardaş ölkənin əsgərləri də o meydandan çiyin-çiyinə keçdilər. Həmin gün paytaxtın hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Çünki ilk günlərdən Türkiyənin tutduğu cəsarətli mövqe, xarici çevrələrə ünvanlanan tələbkar vurğu bizim Zəfərimizdə həlledici rol oynadı. Bu Zəfər qardaşlığın Zəfəri, eyni kökdən olan bir millətin işğala qalib gələn iradəsinin təntənəsi oldu.