YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır

“Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans da bu baxımdan diqqətçəkəndir.  Prezident İlham Əliyev Azərbaycanın  müəllifi  olduğu enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən, Orta Dəhlizin reallaşması perspektivlərindən, regionda sülhün, təhlükəsizliyin təmin edilməsini şərtləndirən amillərdən, ölkələr arasında əlaqələrin inkişafından, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlardan geniş bəhs edərək bu əminliyi ifadə etdi ki,  aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və qarşılıqlı əlaqələrinin  daha yaxşı qavranılmasına töhfə verəcək. Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Azərbaycanın daxili siyasəti beynəlxalq arenada oynadığı rola öz müsbət təsirini göstərir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik, bütün bu amillər mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadənin sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır: “Xüsusilə, Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir.”

Millət vəkili bir mühüm məqamı da qeyd edib ki, ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsidir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, həmçinin dünyanın tranzit ölkəsinə çevrilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyəti artmaqdadır. Dövlət başçısı İlham Əliyevin konfransdakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan hər iki dəhlizin iştirakçısıdır. Ölkəmizdə bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır: “Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.” Hava limanları layihələrinin tamamlanması prosesindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə üç Beynəlxalq Hava Limanının tikintisi nəzərdə tutulub ki, artıq ikisi-Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikintisi başa çatdıqdan sonra ölkəmizdə beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Ümumilkdə Azərbaycan yol infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət göstərir.”

Əliabbas Salahzadə konfransda diqqət çəkən məqamlardan biri kimi, dövlət başçısı İlham Əliyevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs etməsini bildirib: “Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Qarabağla bağlı danışıqların davam etdiriləcəyini düşünsə də, Azərbaycan bunun qətiyyən mümkün olmadığını bildirdi və bu çağırışı etdi ki, heç bir ölkə, beynəlxalq qurum ilə Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub. Ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb ki, bunlardan biri də ərazi bütövlüyü prinsipidir. Ermənistan Praqa görüşündə rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Bu məqamı da nəzərə alaq ki, Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdi. Dövlət başçısı İlham Əliyev konfrans iştirakçılarına Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin növbəti görüşünün dekabrın 7-də Brüsseldə nəzərdə tutulduğunu bildirməklə yanaşı, keçirilməyəcəyinin səbəbini də açıqladı. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Çünki Praqa görüşündən bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron müsahibəsində Azərbaycana qarşı əsasız ittihamlar irəli sürdü və Ermənistana açıq-aşkar dəstək nümayiş etdirdi. Daha sonra Fransa Senatı ölkəmizə qarşı əsassız qətnamə qəbul etdi. Dövlət başçısı Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirdi. Görünür, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib.”

Millət vəkili qeyd edib ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. Sülhün, təhlükəsizliyin təmin edilməsi üçün təşəbbüslər irəli sürür. Bu təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsi ilk olaraq hər bir ölkədən ədalətli, beynəlxalq hüquqa əsaslanan yanaşma tələb edir.