YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərb Azərbaycanın strateji əhəmiyyətini düzgün qiymətləndirməlidir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Noyabrın 25-də Prezident İlham Əliyevin işitrakı ilə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın dünyanın müxtəlif ölkələrində ictimai fikirə təsiri olan aparıcı mütəxəssislərinin birbaşa ölkənin rəhbəri tərəfindən açıq və sadə dildə məlumatlandırılması baxımından xüsusi əhəmiyyəti vardır. Prezident İlham Əliyevin nitqində qeyd olunan məqamlar mütləq şəkildə həmin analitiklərin məqalələrində, çıxışlarında öz əksini tapacaqdır.

Konfransın adından göründüyü kimi burada beynəlxalq ictimaiyyətə, o cümlədən Qərbə verilən mesaj ölkələrin Azərbaycanla münasibətdə geosiyasət, təhlükəsizlik və iqtisadiyyat prizmasından öz yanaşmalarına yenidən baxmaları və mövcud çağırışları düzgün dəyərləndirməyə xəbərdarlıq etmək idi. Bu gün Azərbaycanın istənilən dövlətlə ən yüksək səviyyədə əlaqələrini inkişaf etdirməyə potensialı var. Bunun ən başlıca səbəbi ölkədə möhkəm dayaqlara əsaslanan sabitlikdir. Çünki, sabitlik inkişafı şərtləndirən ən vacib amildir. Azərbaycan sahib olduğu sabitlikdən faydalanaraq özünün həm daxili, həm də xarici profilini dayanıqlı şəkildə formalaşdırmağa nail olmuşdur.

Bu gün dünyada baş verən proseslər göstərir ki, beynəlxalq hüququn aliliyinə, BMT nizamına heç bir hörmət qalmamışdır. Azərbaycan beynəlxalq aləmdə azsaylı ölkələrdəndir ki, bu şəraitdə hələ də beynəlxalq hüququn aliliyinə, qətnamələrə, sənədlərə və s. hörmət edir. Ancaq bununla bərabər Azərbaycan dünyada hökm sürən xaotik və mürəkkəb mühitdə öz geosiyasi, təhlükəsizlik və iqtisadi potensialını gücləndirir. Prezident İlham Əliyevin nitqində qeyd etdiyi kimi: “Müasir dövrdə ölkələr güclü olmalıdır”. 

Ancaq təəssüflər olsun ki, Qərb Azərbaycan kimi yüksək strateji əhəmiyyətə malik tərəfdaşı düzgün və obyektiv qiymətləndirməyi bacarmır. Azərbaycan coğrafi olaraq yerləşdiyi regionda dayanıqlı sülhün bərqərar olunması, qonşu ölkələr arasında dostluq əlaqələrinin qurulmasını daim təşviq edən və reallışdıran ölkə olmuşdur. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edən Azərbaycan bu gün Avropa məkanının ən etibarlı və güvənli tərəfdaşıdır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsasında region ölkələrinə fayda verəcək təhlükəsizlik və iqtisadi imkanların inkişafı dayanır. Bu baxımdan Qərb Zəngəzur dəhlizinin Azərbaycana verilməsində və sərhədlərin tarixi xəritələr əsasında delimitasiya olunmasında qətiyyətli mövqe nümayiş etdirməlidir. Dəhliz açıldıqdan və sərhədlər delimitasiya olunduqdan sonra Orta Dəhliz vasitəsilə Avropa və Asiya regionları arasında iqtisadi əlaqələr, sabitlik inkişaf edərək möhkəmlənəcək.