YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının 30 illik şərəfli Zəfər yolu

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi təntənə ilə qeyd edildi. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev  YAP-ın üzvlərini partiyanın yaranmasının 30-cu ildönümü münasibətilə təbrik etdi və partiyanın keçdiyi inkişaf yolunun geniş təhlilini apardı.

1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdəndir. Həmin dövrdə mövcud hakimiyyətin yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində tənəzzül hökm sürürdü. Ölkəmizin formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsi meydana çıxmışdı. Mövcud partiyalara inam qalmamışdı və respublika ziyaları, sadə insanlar dəfələrlə Naxçıvana, Heydər Əliyevin yanına gedərək onun siyasətə qayıtmasını xahiş edirdilər. 1992-ci ilin aprel-may aylarında Bakıda Heydər Əliyevdən xəbərsiz onun tərəfdarları tərəfindən mitinqlər keçirilirdi. Belə məqamda yüz minlərlə tərəfdarın vahid təşkilatda birləşməsi tarixi zərurətə çevrilmişdi. O zaman Heydər Əliyevə qarşı təzyiqlər davam edir, tərəfdarlarına qarşı isə güclü təqiblər aparılırdı. 1992-ci ilin avqustunda “Səs” qəzetində çap olunmuş “Heydər bəyi biz çağırmalıyıq!” adlı müraciət qısa müddətdə rezonans yaratdı. Həmin il oktyabrın 16-da isə 91 nəfər ziyalı Ümummilli Liderimizə müraciət etdi. Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdir. Belə şəraitdə Heydər Əliyev qətiyyətli və təcrübəli siyasi lider kimi milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bildi. O, əsl vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoydu. Həmin dövrdə AXC-Müsavat cütlüyü tərəfindən Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edilirdi. Hətta o dövrdə hakimiyyətdə olan qüvvələr partiyanın təsis konfransının Bakıda keçirilməsinə belə icazə vermədilər və bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak üçün Naxçıvan MR yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Heydər Əliyev tərəfindən hazırlanmış proqram və nizamnamə müzakirə olunaraq qəbul edildi, Ümummilli liderimiz yekdilliklə partiyanın sədri seçildi. Yeni yaranan partiyanın Yeni Azərbaycan Partiyası adlandırılması da uzun müzakirələrin nəticəsi idi. Partiyanın təsis olunması Azərbaycan dövlətçilik tarixində və ölkəmizin ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası daima xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirərək, Azərbaycan xalqına xidmət edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək, onun tərəqqi yoluna qədəm qoymasını təmin etmişdir. İlk fəaliyyətinə müxalifət partiyası kimi başlayan Yeni Azərbaycan Partiyası çox zəngin və şərəfli inkişaf yolu keçərək ölkəmizin qarşısında duran çətin vəzifələrin həllində çox fəal iştirak edərək, Azərbaycan dövlətçiliyini daima uca tutmuş və möhkəmləndirmişdir. Partiyanın yaradılması Azərbaycanın müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoymasının başlanğıcı və inkişaf salnaməsidir. Yeni Azərbaycan Partiyasının ölkəmizin regional güc mərkəzinə, etibarlı tərəfdaşa çevrilməsində, o cümlədən möhtəşəm qələbə qazanaraq tarix yazmasında mühüm töhfəsi var və Azərbaycanın möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü dövlətə çevrilməsi bilavasitə YAP-nın adı ilə bağlıdır.  

YAP 30 il ərzində Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli yol keçib və mühüm nailiyyətlər qazanıb. Prezident İlham Əliyevin YAP sədri kimi uğurlu siyasəti nəticəsində milli intibah, tərəqqi təmin edilmişdir. Azərbaycanın əldə etdiyi bütün uğurlarda YAP, onun üzvlərinin böyük əməyi və zəhməti vardır.

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyimizin təmin olunmasına, dövlətçilik tariximizin ən mühüm uğurlarının qazanılmasına yol açdı. YAP ümummilli lider Heydər Əliyevin siyasi mirası kimi bu gün 800 minə yaxın cəmiyyətin bütün təbəqələrindən fəal, vətənpərvər insanları öz ətrafında birləşdirir. Partiyamız bütün seçkilərdə möhtəşəm qələbələr qazanması və ölkəmizə qalib dövlət imici qazandırması nəticəsində Zəfər partiyası adlandırılır. Şübhəsiz ki, bundan sonra da ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanacaq və yeni zirvələr fəth edəcəyik.

YAP-ın 30 illik tarixi zəngin və şərəfli Zəfər yoludur. 1992-ci ildən başlayan bu yolda YAP dəfələrlə sınaqlardan üzü ağ çıxdı və xüsusilə Vətən müharibəsi günlərində bir yumruğa çevrildi. Naxçıvanda güclü liderin ətrafında, xalqın dəstəyi ilə yaradılan YAP böyük inkişaf yolu keçərək, 2020-ci ilin noyabrında tarixi Zəfərimizə layiqli töhfə verdi. Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni Azərbaycan tarix yazdı. Xalqımız öz əzmi ilə əsl birlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan ordusu erməni faşizmini məhv etdi, işğalçılar darmadağın edilərək, layiqincə cəzalandırıldı. Prezident İlham Əliyevin milli maraqlara söykənən dövlət konsepsiyası Azərbaycanı tarixi zəfərə aparan amil oldu. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müstəqillik illərindən başlayaraq həyata keçirilən uğurlu və ardıcıl strateji kursun nəticəsidir. Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır, dünya daha güclü Azərbaycana və onun uğurlarına şahidlik edir. Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə hər səfəri və o cümlədən digər görüşlər çərçivəsində qətiyyətli mövqe sərgiləməsi sübut edir ki, ölkəmizin mövqeyi dəyişməzdir və biz strateji hədəflərimizə doğru addım-addım irəliləyirik. Ölkə başçısı, YAP sədri İlham Əliyev Azərbaycanı yeni nailiyyətlərə, qələbələrə aparır. Zəfər siyasətinin quruculuq mərhələsi artıq başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Hədəfimiz Qarabağı və Şərqi Zəngəzuru nəinki qalib Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevirməkdir.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərməsi milli həmrəyliyimizin bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrləri də iştirak etdi. Bu özü də göstərir ki, Azərbaycanda iqtidarla müxalifət arasında fəal siyasi dialoq aparılır.