YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq iki ildir ki, Kəlbəcər azaddır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

2020-ci il 10 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını təsdiqləyən Bəyanatı imzaladılar. Bu sənədə əsasən Kəlbəcər, Ağdam və Laçın Azərbaycana geri qaytarıldı.

Noyabrın 25-i Kəlbəcər rayonunun erməni işğalından azad olunduğu tarixdir. Artıq o gündən bizləri iki illik zaman ayırır. Xalqımız bu günü 27 il gözlədi. Amma gözləməklə yanaşı, heç zaman ümidini itirmədi. Dövlətimizin qətiyyəti, tarixi həqiqətlərə əsaslanan siyasətimiz nəticəsində bu torpaqlara qovuşacağımıza tam əmin idik. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə üstünlüyünü nümayiş etdirdi. Belə ki, istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində Qələbəmizi şrtləndirən əsas amillərdən biri məhz artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu oldu.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bu reallıq öz əksini tapıb ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, Ermənistan silahlı qüvvələri  torpaqlarımızı qeyd-şərtsiz tərk etməlidirlər.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabrın 8-də Qarabağın tacı  Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu dərk edən  Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Dövlət başçısı İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində  “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib” fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırdı ki, müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı idi. Amma Ermənistan tərəfi rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti humanist siyasətini bir daha nümayiş etdirərək, bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi. Ermənilərin işğal dövrü ilə yanaşı, Kəlbəcəri boşaltdıqları zaman törətdikləri vəhşiliklərin hər biri dünyanın gözü qarşısında baş verdi. Bir daha bu reallıq özünü təsdiqlədi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var. amma əksər dünya dövlətlərinin bu anlayışları maraqlarının arxasında gizlətmələri etimadsızlıq mühitinin yaranmasına səbəb olub. Bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin yaşanmasına, münaqişəli məsələlərin həlli prosesinin uzanmasına səbəb olur.

Ermənilərin Kəlbəcəri boşaltdıqları zaman verilmiş 10 gün möhlət müddətində  xislətlərinə uyğun davranışlarını yada salaq.  27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan etdi, yandırdı, ağacları qırıb, ekoloji terrora əl atdılar. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bütün bu vəhşiliklərdən dünya xəbərdardır. Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Bu gün Kəlbəcərdə bu dağıntıları bərpa-quruculuq işləri əvəzləyir. Görülən işlər Böyük Qayıdışı daha da sürətləndirir. Tezliklə Kəlbəcər sakinlərini qarşılayaraq yeni həyatına davam edəcək.