YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmiz malik olduğumuz imkanların təqdimatı oldu. Azərbaycan ötən dövr ərzində gücləndi, qüdrətləndi, bütün sahələrdə davamlı uğurlara imza atdı. Qarabağı azad, tarixi ədaləti bərpa etmək əsas amalımız idi. İkinci Qarabağ müharibəsinə qədər rəşadətli Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nəyə qadir olduğunu dünyaya nümayiş etdirmişdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmri Azərbaycan Ordusunun döyüş ruhunu artırdı. Torpaqlarımızı işğaldan azad etmək, bu ərazilərdə Azərbaycan Bayrağını ucaltmaq arzusunun reallığa çevrilməsi üçün Azərbaycan əsgəri böyük qəhrəmanlıq və şücaət göstərdi.  Cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 10 noyabr 2020-ci idə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanat hərbi-siyasi Qələbəmizin dünyaya təqdimatı oldu. Bu sənəddə yer alan öhdəliklərdən biri Ermənistan tərəfindən Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində bu üç rayon qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.

Məlum olduğu kimi, ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirildi. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə vaxt verildi. 2020-ci il  noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri boşaltdı. Ermənilər bu mərhələdə də vəhşiliklərini dünyaya nümayiş etdirdilər. Azərbaycan dövlətinin humanistliyinin qarşısında onların törətdikləri vandallıq dünyanın gözü qarşısında baş verdi. Evləri yandırdılar, ekoloji terror törətdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bütün bu məqamları diqqətə çatdırır. “Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq.

Artıq iki ildir işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də həyatının yeni dövrünü yaşayır. Tezliklə Böyük Qayıdış proqramı əsasında bütün işlər uğurla başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdaraq bu ərazilərimizə yeni nəfəs verəcəklər. Hər bir rayonun malik olduğu resurslardan səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr veriləcək.