YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın böyük strateji, siyasi və iqtisadi qələbəsidir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Bu gün Kəlbəcərin azadlığa qovuşmasının ikinci ildönümünü qeyd edirik.  Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfəri ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Hər bir sahədə təcrübəsi öyrənilən Azərbaycanın müharibə taktikası da hazırda beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir, araşdırılır. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azəbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatıdır. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin hər bir çıxışında bu çağırış xüsusi yer tutur ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar.

“Dəmir yumruğ”un davamı olan “Qisas” və “Qətiyyətli addım” əməliyyatları  Azərbaycan Ordusunun daha da gücləndiyini dünyaya nümayiş etdirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyətin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, ermənilər Kəlbəcəri, Ağdamı və Laçını boşaltmalı idilər. Qeyri-qanuni yaşadıqları əraziləri, Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, rahatlıqla bütün əşyalarını götürüb çıxırlar. Amma onların bu humanistliyin qarşısında törətdiyi vandallıqları görəndə hər kəs dəhşətə gəlir. İşğal dövründə törətdikləri dağıntılar kifayət etməyərək bu əraziləri boşaldan zaman da xislətlərinə uyğun davranışlarını nümayiş etdirdilər. Evlər, ağacar yandırıldı, ekoloji terror törətdilər. Qeyd etdiyimiz kimi, Kəlbəcər üçtərəfli Bəyanatda müəyyənləşdirilən qrafikə əsasən 15 noyabr tarixində boşaldlmalı idi. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə 10 gün istədi. Azərbaycan yenə də humanizm siyasətinə söykənərək vaxtı uzatdı. Amma ermənilər nə etdi?   Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Nəzərə alınmalıdır ki, təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Azərbaycan əhalisi işğal zamanı özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. Baş verənlər  Azərbaycan və Ermənistan arasındakı fərqi dünyaya nümayiş etdirdi.

Ermənilər Kəlbəcərdə olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər. Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.  Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometr, Bazarçay və Xaçınçayın uzunluğu isə təqribən 200 kilometrə yaxındır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində  Ağdam, Kəlbəcər və Laçın müharibəsiz geri qaytarıldı. Kəlbəcərin malik olduğu ehtiyatlara qısa baxış əsasında bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq, Kəlbəcər turistlər üçün cəlbedici məkan olacaq.