YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Azərbaycan qarşılıqlı etimad mühitində əməkdaşlıq münasibətlərində maraqlıdır

“İranın Azərbaycana qarşı riyakar və məkrli davranışları Vətən müharibəsindəki qələbəmizdən sonra daha da intensivləşib. Tarixi və əzəli torpaqlarımızın erməni işğalçılarından azad etməsi ilə nəticələnən Azərbaycanın 44 günlük haqq savaşında qazandığı zəfər ədalətin, beynəlxalq hüququn qələbəsi və zəfəridir. Ancaq təəssüflər olsun ki, sözdə haqqın, ədalətin yanında olduqlarını bildirən, lakin öz ambisiyaları naminə şər qüvvələrin, işğalçıların yanında olan, onlara havadarlıq edən dövlətlər az deyil. Təəssüflə qeyd etməliyik ki, İran da ölkəmizin bu qalibiyyətini həzm edə bilməyən, vaxtaşırı qeyri-səmimi açıqlamalar verməklə dövlətimizə və xalqımıza çirkin niyyətlərini büruzə verir”.

Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov açıqlamasında bildirib. Onun sözlərinə görə İran bu əməlləri ilə İslam dəyərlərinə qarşı xainlik edir. Özünü İslam respublikası elan edən bir dövlətin Ermənistan kimi işğalçı, terrorçu bir dövləti dəstəkləməsi xainlikdən başqa bir şey deyil. Hər kəsə, bütün dünyaya aydındır ki, ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarında misli görünməmiş vandalizm aktları törədiblər. Məscidlərimizi, dini abidələrimizi yerlə yeksan edib, dağıdıb, oralarda bütün dini dəyərlərimizi heçə sayaraq donuz saxlayıb, bununla da təkcə azərbaycanlıları deyil, bütün müsəlmanları təhqir edərək, onların heysiyyatına toxunublar. Özünü İslam respublikası adlandıran, sözdə İslam dəyərlərinə sadiqliyini dilə gətirən dövlət və onun rəsmilərinin bu addımları isə onların əsl mövqeyinin və maraqlarının nədən ibarət olduğunu üzə çıxarır: “Azərbaycan bütün dövlətlərə və xalqlara qarşı hörmət göstərir və qarşılıqlı etimad mühitində əməkdaşlıq münasibətlərində maraqlıdır. Xüsusilə qonşu dövlətlərlə hər zaman müxtəlif sahələr üzrə əlaqələrin qurulmasında təşəbbüskarlıq göstərib. Lakin bəzi qonşu ölkələrdən qeyri-adekvat münasibətin sərgilənməsi çox təəssüf doğurur. Lakin İran anlamalıdır ki, əhalisinin 40 milyona yaxını azərbaycanlılardan ibarət olan bir dövlətin məkrli niyyətləri və əməlləri öz başında çatlaya bilər. Tarixi Azərbaycan torpağı olan Cənubi Azərbaycanda soydaşlarımıza qarşı göstərilən radikal münasibət, onların bu illər ərzində hüquqlarının kobudcasına əlindən alınması, istismar edilməsi, onlara öz dilində oxumaq, yazmaq, təhsil almaq imkanlarının yaradılmaması, müxtəlif vaxtlarda ən ağır cəzalara məhkum edilməsi, edam və həbs edilməsi onlara ayrı-seçkiliyin ən açıq nümunəsidir. İranın molla rejimi meydan oxuyaraq insanların tarixi keçmişini, milli kimliyini unutması üçün təzyiqlər edir, onların Azərbaycanla bağlı bütün izlərinin silinməsinə çalışırdı. Bu gün də bu siyasət davam etdirilir. İran elə başa düşürdü ki, belə etməklə Cənubi Azərbaycanın tarixi Azərbaycan torpaqları olması faktını silə və ya dəyişə biləcək. Lakin bu belə deyil. Tarixi heç bir qüvvə silə, məhv edə bilməz. Tarix hər zaman dil açıb, danışır”.

Xüsusilə 30 il torpaqlarının işğal altında saxlanıldığı müddətdə İrandan heç bir dəstək görülməmiş, əvəzində həmin müddətdə və Vətən müharibəsində Ermənistana hərbi, humanitar və s. yardımlarını, dəstəyini əks etdirən faktlar, görüntülər ortaya çıxıb. İşğal altındakı Azərbaycan torpaqlarındakı qanunsuz əməlləri isə əsl beynəlxalq cinayətdir. Azərbaycan İrana bu riyakar hərəkətlərindən əl çəkməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Lakin əvəzində bu hərəkətlər açıq təxribatlar və gücə təhrik müstəvisinə keçib. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. İranın Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən bu qədər qorxmasının, məhz bu səbəbdən hər hansı zəfərini həzm edə bilməməsinin səbəbi Cənubi Azərbaycanı daha uzun müdət ərzində işğal altında saxlmaq istəməsidir. Lakin Azərbaycan güclü dövlətdir və öz milli maraqları, soydaşlarının hüquqları, tarixi torpaqları uğrunda bundan sonra da qətiyyətlə mübarizə aparamq iqtidarındadır və aparacaq.