YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik tariximizin mühüm hadisəsi

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan özünün dövlət müstəqilliyinə nail olduqdan sonra qarşısında suveren dövlət kimi formalaşmaq vəzifəsi dayanırdı. Amma bu vəzifə 1990-cı illərin əvvəllərində yerinə yetirilmək şansından məhrum olmaq dərəcəsinə gəlib çatmışdı. 1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti Azərbaycanın müstəqil ölkə kimi dövlət quruculuğu işlərinə vaxt ayırmasına ciddi əngəllər yaradırdı. Digər tərəfdən isə, Azərbaycan suveren ölkə olduqdan sonra həm müstəqil dövlət quruculuğu ilə məşğul olmağa çalışan, həm də bu istəyi həyata keçirmək imkanlarına və təcrübəsinə yiyələnmiş rəhbərlərə malik deyildi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə erməni təcavüzünün qarşısını almaq, müstəqil dövlət quruculuğu prosesinə rəhbərlik etmək kimi məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcək siyasi liderlər və rəhbərlər təmsil olunmurdular. Bunun nəticəsində ölkədə daxili hərc-mərclik, başıpozuqluq və dərəbəylik yaranmışdı. İqtisadiyyat çox ciddi tənəzzülə düçar olmuşdu, insanların rifahı gündən-günə pisləşirdi. İctimai-siyasi ab-havanın korlanması və iqtisadi tənəzzül vətəndaşların sabaha inamını da tamamilə heçə endirmişdi.

Beləliklə, həm Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, həm də daxildə ictimai-siyasi vəziyyətin pisləşməsi nəticə etibarilə Azərbaycanda hər bir sahəni əhatə edən total böhranın yaranmasına gətirib çıxarmışdı. Göründüyü kimi, həmin dövrdə Azərbaycanda nəinki dövlət quruculuğuna başlanılmadı, hətta müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Belə bir çətin məqamda Azərbaycan vətəndaşları ölkəmizi düçar olduğu vəziyyətdən xilas etməyin yollarını düşünürdülər və cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı yalnız bu bəladan ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı ulu öndər Heydər Əliyevə müraciət etdilər. Bununla da ulu öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq, tarix səhnəsindən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. O, Azərbaycanı dərin uçurumdan, böhran burulğanından çıxararaq, böyük və sürətli inkişaf yoluna təqdim etdi, müasir və müstəqil Azərbaycan dövlətini qurdu. Qurucusu və memarı olduğu Azərbaycan dövlətinin güclü, qüdrətli, inkişaf etmiş ölkəyə çevrilməsinin dayanıqlı sütunlarını yaratdı. Bütün bunlarla yanaşı Ulu Öndər rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Yarandığı vaxtdan cəmi 6 ay sonra, iqtidara gələn Yeni Azərbaycan Partiyası qərarları və fəaliyyəti ilə ölkəmizin uğurlu inkişafına güclü təsir göstərdi. Prezident İlham Əliyevin partiya Sədri seçilməsindən sonra Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi. Heç kəsə sirr deyil ki, bütün bu prosesdə YAP daim ön sıralarda dayandı.

Ötən 19 ilin xronikasına nəzər salsaq görərik ki, Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edərək, tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün bunları təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm hadisəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin siyasi xətti davam və inkişaf etdirilərək güclü Azərbaycan dövləti quruldu: “Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.