YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan bir çox region ölkələri, xüsusilə türkdilli ölkələr ilə ticari-iqtisadi, humanitar, nəqliyyat, mədəni və sair sahələrdə ikitərəfli geniş əlaqələrə malikdir. Bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir.  

Noyabrın 10-da Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün Özbəkistana səfər etdi. Səfər zamanı bir sıra regional əhəmiyyətli görüşlər və qarşılıqlı fikir mübadilələri aparıldı.

Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə geniş və əhatəli nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçib.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.”

Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəaliyyətinə xüsusi diqqət yetirmiş və bu əlaqələrin gələcək inkişafına öz müsbət töhfələrini vermişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyev vaxtilə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayırdı və bütün Zirvə görüşlərində bu məsələni gündəmə gətirirdi. Hal-hazırda isə  bu siyasi kurs  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda  ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.

Bütün əldə olunan bu uğurların əsasını isə Prezident İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.