YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər Günü” - əbədiyyət rəmzimizdir

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi qeyd edilir. Bir çox dövlətlərin tarixində zəfər bayramları var. Ancaq bu bayramların çoxu fəthlərlə, işğalla əlaqədar bayramlardır. Uzağa getməyək, yaxın keçmişdə bədnam qonşularımız da “bayramlar” keçirirdilər; şəhər və rayonlarımızın işğalını “qeyd edirdilər”, yallı gedirdilər, işğalı, başqalarının torpaqlarını zəbt etməyi bayram edirdilər. Ona görə də uzun çəkmədi. Çünki, süni idi, saxta idi, haram idi, onlara məxsus deyildi. İndi biz bayram edirik. Ancaq biz, özgə atına minməmişik, bizə məxsus olanı azad etmənin sevincini, zülmdən, istibdaddan qurtulmanın sevincini qeyd edirik. Çünki, sülhsevər dövlətik, təcavüzkar deyilik. Heç kəsin haqqını, torpağını zəbt etməmişik. Ona görə də qeyd etdiyimiz bayram da işğal bayramı yox, azadlıq bayramıdır, işğaldan qurtulmanın bayramı, təcəllisidir.

Bu bayramın memarları var, onu bizə həyatları, qanları bahasına bəxş edənlər var, tariximizə qızıl hərflərlə həkk edənlər var. Ona görə bu bayram bizim üçün ikiqat önəmli, müqəddəsdir.
Nailiyyətlər, qələbələr müxtəlif olur; idmanda, elmdə, iqtisadiyyatda və s. Hamısı dəyərlidir, hamısı dövlətə, insana, xalqa baş ucalığı gətirir. Ancaq müharibədə qazanılmış qələbə əlahiddədir. Çünki, həyatlar bahasına qazanılır, çünki, unudulmur, tarixdə əbədi qalır. Çünki, kütlənin, xalqın, fərdin düşüncə tərzində radikal dəyişiklik yaradır, xalqın özünü yaradır.

“Xalq”, sözünün leksik mənası – “yaratmaq”, semantik mənası isə - “dövlət” adlanan coğrafi hüdud, sərhəd çərçivəsində yaşayan insanlar toplusu deməkdir. Bu, məfhum ümumi, mücərrəd, abstrakt məfhumdur. Ancaq o zaman xüsusi, konkret, məna, mahiyyət kəsb edir ki, bu toplum, ya da toplumun mütləq əksəriyyəti bir məqsəd, bir amal, bir hədəf ətrafında birləşə bilsin, hərəkət edə bilsin. Xalqın bir məqsəd ətrafında təmərküzləşməsi isə, onun irəlidə gedənlərinin o mücərrəd, ümumi məfhumu – xüsusu, konkret, müşəxxəs məna kəsb edən bir nəsnəyə çevirməsi ilə reallaşır, o toplumun etibarını, etimadını qazanması ilə gerçəkləşir.

Hər hansı bir müsabiqədə qələbə, məhdud sayda insanın əməyi, istedadı və təşkilatçılığı ilə ərsəyə gəlirsə, müharibədə qələbə bütün xalqın öz lideri, ordusu ətrafında birləşməsi ilə əldə olunur. Bu nəticəni qazanmağın yolu isə istedaddan, zəhmətdən, iradədən və cəsarətdən keçir. Xalq birlik nümayiş etdirsə belə, ordu güclü olsa belə, Sərkərdə qətiyyəti, istedadlı və çalışqan olmazsa, nəticə əldə edilməz. Rəhbərimiz “Dəmir yumruq” deyəndə məhz bu birliyi nəzərdə tutur.

Bəli, bu qələbə xalq, iqtidar və ordu birliyinin nəticəsidir. Burada qəhrəman həm Sərkərdə, həm ordu, həm də xalqdır. Ona görə başqa qələbələrdən fərqlidir, ona görə unudulmazdır, möhtəşəmdir. Bu qələbə tarixi ədalətin təntənəsidir, gecikən ədalətin təntənəsidir. Ona görə şirindir, ona görə bənzərsizdir.

Bu qələbə tariximizdə əbədi qalacaq, əbədi yaşayacaq. Eşq olsun Rəhbərimizə, eşq olsun qəhrəman ordumuza və xalqımıza. Yaşasın azad, müzəffər və mürəffəh Azərbaycanımız!

DİGƏR Xəbərlər Arxiv