YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bu günlərdə Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Fəxri qonaq statusunda iştirak edən dövlət başçısı İlham Əliyevin bu tribunadan səsləndirdiyi bəyanatlar geniş müzakirə olunmaqdadır. Diqqəti 30 illik işğal dövrünə, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalmasına yönəldən ölkə Prezidenti bu çağırışı etdi ki, bəzi hallarda bu  qətnamələr bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə qeyri-obyektiv yanaşmadır: “Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.”

İki il əvvəl Azərbaycan 30 illik işğala son qoydu. Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüzü bərpa etdik.  Azərbaycan bunu öz gücü ilə etdi. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimiz güc yolu ilə azadlığına qovuşdu.

Cənab İlham Əliyev bu tribunadan 44 günlük İkinci Qarabağ müharibəsinin, həmçinin postmünaqişə dövrünün reallıqlarını dünyaya çatdırdı. Reallıq budur ki, illər keçdikcə İkinci Qarabağ  müharibəsinə gedən yol, həmçinin Vətən oğullarının qəhrəmanlığı, şücaəti daha dərindən təhlil edilir, Zəfərimizdə torpaq, Vətən sevgisinin rolu xüsusi vurğulanır. Məhz bi sevgi əsgərlərimizin döyüş ruhunda, hər gün irəli gedərək şəhərlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad etmələrində özünün aydın ifadəsini tapdı. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. Artıq iki ildir torpaqlarımız azaddır və bu torpaqlarımıza qayıtmışıq.

Dövlət başçısı İlham Əliyev tədbirə Qoşulmama Hərəkatının sədri kimi qatıldığını önə çəkərək Azərbaycanın artan nüfuzunun quruma sədrlik müddətinin uzadılmasında öz təsdiqini tapdığını bildirdi. Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu da Azərbaycanın mövqeyinə və siyasətinə yüksək dəstəyi, rəğbəti nümayiş etdirir. Azərbaycanın sədrlik müddəti quruma üzv dövlətlərin yekdil qərarı əsasında 2023-cü ilin sonuna qədər uzadıldı. Bu, dövlətimizin siyasətinə verilən qiymətin göstəricisidir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanı bürüyən COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi dövrə təsadüf edir. Azərbaycan qlobal problemə qarşı birgə mübarizənin vacibliyini bildirərək, dünyaya birlik, həmrəylik çağırışını etdi. Aərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videformatda Zirvə görüşü keçirildi. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərib. 2020-ci ilin dekabrında keçirilmiş və COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı da ölkəmiz oldu. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək. Azərbaycan, həmçinin peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının da ölkəmizin mövqeyinə dəstəyi gücləndirdi. Cənab İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə Sammitində bu məqama da diqqəti yönəltdi ki, gələn ilin martında Qoşulmama Hərəkatının Sammitinin keçirilməsi planlaşdırılır. Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçıları həmin Sammitə dəvət edildi.

Göründüyü kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti, müzakirə olunan məsələlərlə yanaşı, iştirakçı dövlətlərin hədəflərə yüksək səviyyədə nail olmaq üçün hansı imkanlara malik olduqlarının təhlili baxımından da diqqətçəkəndir. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı postmünaqişə dövrünün reallıqlarının təbliği və qəbul  etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ərəb Dövlətləri Liqasına üzv dövlətlər ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də beynəlxalq səviyyədə  qarşılıqlı hörmət əsasında davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi bunun bariz nümunəsidir.