YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət və beynəlxalq hüquq əsasdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Qarabağ münaqişəsi iki ildir tarixə qovuşsa da  işğal və zəfər dövrünün reallıqları paralel şəkildə təhlil edilir, dünyanın ikili standartlara əsaslanan siyasətinin hansı problemlərə yol açdığı geniş müzakirə olunur. Dövlət başçısı İlham Əliyevin elə bir səfəri, beynəlxalq tədbirlərdə çıxışı yoxdur ki, qeyd etdiyimiz məsələlərə diqqət yönəltməsin.

Azərbaycan 30 ilə yaxın dövrdə sülh danışıqlarına sadiq olaraq işğalçı Ermənistandan və ona havadarlıq edən dövlətlərdən beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək münaqişənin tezliklə öz ədalətli həllini tapmasına çağırışlar etdi. 44 günlük İkinci Qarabağ müharibəsi göstərdi ki, bu danışıqlar sadəcə imitasiya naminə aparılıb, havadarları Ermənistana əlavə vaxt qazanmaqda yardımçı olublar. Bu, açıq-aşkar ədalətin və beynəlxalq hüququn maraqların arxasında gizlədilməsidir. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Bəzən bu qətnamələr iki saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il gözlədik. Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında da cənab İlham Əliyev diqqəti bu məsələlərə yönəltdi.

30 ildə Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Təəssüflər olsun ki, bu qətnamələr kağız üzərində qaldı. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı birləşmələrinin  torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması öz əksin tapıb. 30 illik zaman keçdi. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Reallıq bu idi ki, son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları ilə  açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını təsdiqləyirdi. Dünya gücləri Ermənistanın beynəlxalq hüquqa zidd addımlarına, səsləndirdiyi sərsəm bəyanatlarına göz yummaqla, eşitməzdən gəlməklə  sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldular. Zamanında işğalçı dövlətə sanksiyalar tətbiq edilsəydi proseslər bu şəkildə davam etməzdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının arxa plana keçməsi illərin müzakirə mövzusudur. Sonda bu qətnamələri icra edən rəşadətli Azərbaycan Ordusu oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Silahlı Qüvvələri Ermənistana yerini göstərdi. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Azərbaycanın postmünaqişə dövründə artan nüfuzu göz qabağındadır.  Yeni yaradılan reallıqlar bölgədə əməkdaşlıq formatlarına da yeniliklər gətirib.

Dövlət başçısı İlham Əliyev sözügedən Sammitdə Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini vurğulayaraq “Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik” söylədi. Bu məqamı da xüsusi vurğuladı ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Ölkə Prezidenti Ermənistanla Fransanı birləşdirən dəyərlərdən bəhs etməklə bu məqamı da qeyd etdi ki, Mücahidlər Muzeyini ziyarət edərkən  Əlcəzairin  işğalı zamanı fransızların 5 milyondan çox mina basdırdıqları barədə məlumat verildi. Bu isə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.

Mina məsələsi bütün tədbirlərdə, keçirilən görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib. Ədalət və beynəlxalq hüquq əsasdır.