YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimadın təzahürü

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Keçirilən hər bir beynəlxalq tədbir iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərin birləşdirilməsi vacib amil kimi önə çəkilir ki, bu da öz növbəsində hər bir ölkənin təcrübəsini, inkişaf modelini ortaya qoymasını tələbə çevirir.  Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı da özündə bir sıra çağırışları ehtiva etdi.  

Azərbaycanın xarici siyasət uğurları göz önündədir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Bir mühüm reallığı da xüsusi qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. Dövlət başçısı Sammitdə qurumun sədri kimi iştirak etdiyini önə çəkərək, bəzi məqamlara diqqəti yönəltdi. Vurğulandı ki, 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu da ölkəmizin mövqeyinə və siyasətinə yüksək dəstəyin və rəğbətin nümayişidir. Azərbaycanın quruma sdrlik müddətinin üzv dövlətlərin yekdil qərarı ilə  2023-cü ilin sonuna qədər uzadılması bir daha dövlətimizin həyata keçirdiyi siyasətə  qiymətin bariz nümunəsidir.

Nəzərə alaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi  COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi dövrə təsadüf edir. Xatırlasaq ilk vaxtlarda, hətta inkişaf etmiş ölkələrdə belə durğunluq, özünəqapanma halları müşahidə edildi. Azərbaycan problemin qlobal xarakter daşıdığını bəyan edərək birgə tədbirlərin həyata keçirilməsinə çağırış etdi. Ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlər təqdir edildi.

Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərdi. Bu faktın özü Azərbaycanın yalnız özünü deyil, digər ölkələri də düşündüyünü, yaranan vəziyyətdən çıxmaları üçün həm maddi, həm də mənəvi dəstək göstərməyə hazır olduğunu təsdiqlədi. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi.  2020-ci ilin dekabrında keçirilən və COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı da Azərbaycan oldu. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.

Pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər. Amma resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Beləliklə, Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının da Azərbaycanın  mövqeyinə dəstəyini gücləndirdi.

Ümumilikdə dövlət başçısı İlham Əliyevin  təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu təşəbbüslər bir-birinə əks qütbləri bir araya gətirərək koronavirus infeksiyası ilə birgə mübarizədə öz sözünü dedi. Bu kimi mühüm addımlar  onu göstərir ki, son 19 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Cənab İlham Əliyevin gələn ilin martında Qoşulmama Hərəkatının Sammitinin keçirilməsinin  planlaşdırıldığını vurğulayaraq  Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin tədbirdə  iştirak etməyə dəvət etməsi də dostluğumuzun nümunəsi, Azərbaycana hörmətin və etimadın təsdiqidir.