YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münaqişələrə qarşı ikili standartlar yolverilməzdir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Ölkəmizin təşkilatla xüsusi münasibətləri var və mövcud münasibətlərin daha da genişləndiriləsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına fəxri qonaq kimi iştirak üçün dəvət olunması bu deyilənlərə bariz nümunədir. Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq ölkəmiz üçün əlamətdar hadisədir. Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev ilk olaraq Azərbaycanın da Əlcəzair kimi uzun illər işğalçılıq siyasəti ilə üz-üzə qalmasından bəhs etdi və gələcəkdə xalqlarımızın belə facilələrlə qarşılaşmaması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğuladı. Fransanın Əlcəzair xalqına qarşı yüz ildən çox bir müddət ərzində dəhşətli müharibə apardığına diqqət çəkməklə ölkə başçısı İlham Əliyev əslində Azərbaycanın daxili işlərinə qarışmaq istəyən bu ölkəyə sərt və ifşaedici mesaj vermiş oldu. Ölkəmiz uzun müddət işğalla bərabər beynəlxalq ədalətsizliklə də üzləşmişdir. Bu isə dünyada mövcud olan ikili standartlardan irəli gəlir. Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bildirdi ki, münaqişələrə qarşı ikili standartlar yolverilməzdir və işğalı öz adı ilə adlandırmaq lazımdır.

Azərbaycanın 20 faiz torpağı 30 ilə yaxın bir müddətdə işğal altında qalmış, lakin beynəlxalq aləm tərəfindən Ermənistana qarşı heç bir təzyiq olmamışdır. Baxmayaraq ki, BMT kimi nüfuzlu bir təşkilat tərəfindən Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edilmiş, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. Ancaq bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə  bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Azərbaycan bu 4 qətnaməni ancaq öz gücünə icra etdi və BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək erməni işğalında olan ərazilərini güc yolu ilə azad etdi.

İşğal dövründə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından məcburi köçkün düşmüş, eləcə də çoxlu sayda insanlarımız etnik təmizləməyə məruz qalmışdır. Ermənistan 1992-ci ildə insanlıq faciəsi olan Xocalı soyqırımını törətmişdir. Bütün bunlardan əlavə işğal illərində Azərbaycanın əraziləri  yerlə yeksan edilmiş kənd və şəhərlərimiz, binalar, tarixi abidələr, hətta azərbaycanlılara məxsus qəbirlər belə dağıdılmışdır. Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğal zamanı 67 məsciddən 65-ni məhv etdiyini diqqətə çatdıraraq bu ölkənin  islamafob  bir ölkə olduğunu vurğuladı. Təəssüflər olsun ki, erməni terroru sülh dövründə də davam edir. Belə ki, 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Münqaişənin bitməsinə baxmayaraq, Ermənistan dəqiq mina xərtiələrini təqdim etmək istəmir və bununla da mina terrorunu davam etdirir. Ermənistanın mina terroru mülki insanların həlak olması ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sürətini ləngidir. Lakin bütün bu maneələrə rəğmən Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb. Ölkəmiz bunu öz resursları hesabına edir və işğaldan azad edilmiş torpaqları bərpa edir ki, 30 il məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar.