YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayrağımız Dövlətimizin suverenliyinin rəmzi, bizim milli dəyərimizdir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Tarix elmi, müxtəlif ədəbi mənbələr öyrədir ki, hər zaman xalqların və millətlərin taleyində - tarixi şəxsiyyətlərin, formalaşmasında - dahi siyasətçilərin və dünyadakı yerinin müəyyənləş­dirilməsində - müdrik dövlət başçılarının müstəsna rolu olmuşdur. Ulu yaradanın Azərbaycana nadir töhfəsi olan Heydər Əliyev dühası isə bütöv bir salnamə, tarix yaratmaqla Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri ilə dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını bariz şəkildə təsdiqləyən ən qiymətli nümunələrdəndir.

Yaşadığı dövrün reallıqlarını, zamanın mahiyyətini dərindən dərk eləyən, özünün dəmir kimi möhkəm iradəsi, uzaqgörənliyi, kəskin siyasi mövqeyi ilə zamanı öz arxasınca aparan Ulu Öndər Heydər Əliyev ancaq tarixə yazılan deyil, tarix yazan, özündən sonrakı sabahları yaradan lider olmuşdur. Bu mənada Ulu Öndər Heydər Əliyev epoxası sadəcə Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir. Dediklərimizə Ulu Öndərin Sovet dövləti rəhbərliyindən istefaya göndərildikdən sonra 21 yanvar 1991-ci ildə Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək, Bakıda 20 Yanvar 1990-cı il faciəsini törətdiyinə görə SSRİ rəhbərliyini sərt tənqid etməklə doğma xalqını müdafiə etməsi, dövlət müstəqilliyi illərində hələ Naxçıvan MR Ali Məclisinin Sədri ikən SSRİ-nin saxlanılmasına "yox” deməsi, Naxçıvanda həmin məqsədlə ölkə üzrə təşkil edilmiş referendumda Naxçıvan əhalisini iştirak etməməyə çağırması və buna nail olması ilə şahid olduq. Həmçinin, hələ SSRİ-nin mövcud olduğu dövrdə Sovetlər İttifaqının bayrağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası üzərindən endirərək, üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi rəsmi şəkildə qəbul etdirməsi Heydər Əliyev mövqeyinin və iradəsinin qələbəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul edilib, 1920-ci ilin aprel ayınadək Dövlət Bayrağı statusuna malik olan Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixində imzaladığı müvafiq Sərəncama əsasən noyabrın 9-u bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrildi. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir.

Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanıldı, dövlətçiliyimiz möhkəmləndi, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli siyasəti, Şəhidlərimizin və Qazilərimizin canı və qanı bahasına, qəhrəman Əsgər və Zabitlərimizin igidliyi və xalqımızın bir yumruq kimi öz liderinin ətrafında birləşməsi sayəsində torpaqlarımız düşmən işğalından azad edildi və bu gün üçrəngli, hilallı, ulduzlu bayrağımız Şuşada, Qarabağımızın hər yerində dalğalanır. Vətən müharibəsində həm də müqəddəs Şəhidlərimizin tabutunu bəzəyən üçrəngli Bayrağımız Azərbaycan Dövlətinin suverenliyinin rəmzi, bizim milli dəyərimizdir.

DİGƏR Xəbərlər Arxiv