YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan üzərinə düşən öhdəlikləri qısa zamanda yerinə yetirməlidir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri 

Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə davamlı səfərləri Azərbaycanın malik olduğu imkanların təqdimatında, eyni zamanda, əlaqələrin möhkəmləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Bu baxımdan  dövlət başçısı İlham Əliyevin Rusiya Prezidenti Vladimir  Putinin dəvəti ilə  Soçi şəhərinə səfəri və səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin üçtərəfli görüşün yekunu olaraq imzalanan bəyanatda əksini tapan müddəalar geniş təhlil olunmaqdadır.

Cənab İlham Əliyev rusiyalı həmkarı ilə görüşündə iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyanatın çoxillik münaqişəyə son qoyduğunu önə çəkərək bildirdi ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olan 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Dövlət başçısı İlham Əliyev çıxışlarında, keçirdiyi görüşlərində daim inamla bəyan etdiyi «Qarabağ münaqişəsi artıq tarixdə qalıb» reallığı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də xüsusi qeyd edərək bildirdi ki, bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması  çox ciddi addımlar tələb edən formatdır.

Keçirilən görüşlər  Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, eyni zamanda, işğalçı dövlətə belə bir mesajdır ki, artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Tarixə qovuşan  Qarabağ münaqişəsi ilə bağlı 30 ildə yaşananlar Azərbaycan üçün faciə idi. Torpaqları işğal olunan, bir milyondan artıq vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan idi. İşğal dövründə torpaqları tamamilə dağıdılan, yerlə-yeksan edilən Azərbaycandır. Bu gün dağıdılan şəhərlərimiz, kəndlərimiz erməni vəhşiliklərinin şahididir. Ermənistan 30 ilik işğal dövründə  havadarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılaraq əlavə vaxt qazanmış, işğaldan azad edilmiş torpaqlarımızı sanki geri qaytarmayacaqları kimi  sərsəm fikri özlərində reallıq kimi qəbul edərək bu ərazilərimizi tamamilə dağıtmaqla izləri silməyə  çalışmışdılar. Ermənilər  bu ərazilərdə  möhkəm  istehkamlar qurmuş, Ermənistan silahlı qüvvələri  ən yüksək texnika ilə silahlanmışdır. Bütün bunların hamısı işğalçı dövlətin torpaqlarımızı sülh danşıqları əsasında geri qaytarmaq fikrində olmadığını təsdiqlədi.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu bu istehkamları yardı, Ermənistan silahlı qüvvələrini diz çökdürdü, iti qovan kimi torpaqlarımızdan qovdu.

Bunları xatırlatmağımız səbəbsiz deyil. Ermənistan «Dəmir yumruğ»un davamı olaraq «Qisas», «Qətiyyətli cavab» əməliyyatları sayəsində  Azərbayan Ordusunun bir daha gücünu, qüdrətini gördü. Aldıqları bu kimi dərslər Ermənistanı ciddi düşündürməli, sülh müqaviləsinin imzalanmasının tezliklə gerçəkləşməsinə səy göstərməlidir.  Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin Soçi bəyanatında da bu çağırışlar müddəlarda öz əksini tapıb.  Bildirilir ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan  ilə Ermənistan  arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.  Rusiyanın köməyi ilə Azərbaycan  ilə Ermənistan  arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir. Bu çağırışları Azərbaycan dövləti son iki ildə bütün görüşlərdə ifadə edir. Dövlət başçısı İlham Əliyev dövlətlərarası münasibətlərdə etimadın rolunu daim önə çəkir.

Ümumilikdə keçirilən görüşlərin hər biri sülh müqaviləsinin imzalanmasını daha da yaxınlaşdırır. Sənədlərdə əksini tapan müddəaların yerinə yetirilməsi üçün birgə fəaliyyəti daha da dərinləşdirməli, ən əsası Ermənistan üzərinə düşən öhdəlikləri qısa zamanda yerinə yetirməlidir.