YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın sülh müqaviləsini imzalaması qaçılmazdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasəti açıq və çoxşaxəlidir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet məsələ kimi öndədir. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə son səfərlərinə diqqət yetirsək hər biri tarixi Zəfərimizin reallıqlarının, eyni zamanda, ölkəmizin xarici siyasət uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır.  Hər bir səfər, eyni zamanda, keçirilən görüşlər əməkaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində əsasdır. Nəzərə alsaq ki, bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq, həmçinin bu reallıqlar istər daxili, istərsə də xarici siyasətdə yeniliklərə yol açıb, bu halda dövlət başçısı İlham Əliyevin səfərlərinin hər birinin mahiyyətində dayanan məsələlər özünü qabarıq şəkildə büruzə verir.

Qeyd etdiyimiz kimi, Azərbaycan hazırda dünyaya dirçəliş modelini təqdim edir.  Bütün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. Cənab İlham Əliyevin bütün çıxışlarında bu məqam xüsusi qeyd edilir ki, yeganə rəqib zamandır. Ermənilərin 30 ildə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımızı yenidən qurmaq, əvvəlki simasına qaytarmaq üçün böyük vaxt lazımdır. Amma bununla bərabər torpaqlarımızda bərpa işlərinin geniş miqyas alması bu mühüm məqamı təsdiqləyir ki, xalqımız öz tarixi torpaqlarına qovuşduğu üçün sevinclidir, quruculuq işlərinin tezliklə başa çatıb soydaşlarımızın bu ərazilərə qayıdışı üçün öz töhfələrini verməyə səy göstərir. Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra bu torpaqlarımızın malik olduqları iqtisadi imkanlar  da yeni əməkdaşlıq formatlarının yaradılmasında, əlaqələrdə yeni prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayacaq. Bir mühüm məsələni nəzərə alaq ki, hazırkı dövrdə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimiz bu sahədə böyük potensiala malikdir. 

Bu, tarixi Zəfərimizin reallıqlarının bir tərkib hissəsidir. Digər mühüm məqam isə yeni reallıqlara uyğun olaraq əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılmasıdır ki, bu da öz növbəsində regionda sülhün və təhlükəsizliyin təmin olunmasını, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasını bir tələb kimi qarşıya qoyur. Bu istiqamətdə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlər, sonda imzalanan sənədlər də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, oktyabrın 31-də dövlət başçısı İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfəri, səfər çərçivəsində keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə müzakirə olunan məsələlər də bunun bariz nümunəsidir. Rusiya  Prezidenti ilə görüşdə iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyanatın çoxillik münaqişəyə son qoyduğnu bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olan 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını xüsusi qeyd edən cənab İlham Əliyev bildirdi ki, bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır.

Tarixi Zəfərimizdən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edən xeyli sayda görüşlər keçirilib. Hər bir görüş sülh müqaviləsinin imzalanmasına doğru atılan mühüm addımdır. Belə ki, görüşün sonunda imzalanan sənəddə Azərbaycanın maraqları müdafiə olunur, mövqeyi dəstəklənir. Soçi görüşü ölkəmizin növbəti diplomatik uğurudur. Belə ki, Soçi bəyanatında əsas prinsiplərə sadiqlik özünü qabarıq şəkildə büruzə verir.  Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.

Bəyanatda yer alan müddəalarda bu tələb qarşıya qoyulur ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün ölkəmiz üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dünya gücləri Azərbaycanın sülh təklifini dəstəkləyir və reallığa çevrilməsi üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirirlər. Artıq sülh müqaviləsinin imzalanmasının  vaxtı olduğu bildirilirsə,  bu prosesə dəstək göstərməyə hazır olduqlarını bəyan edən  dünya gücləri də bəyanatlarını əməldə təsdiqləməyə səy göstərməlidirlər. Bu halda Ermənistanın sülh müqaviləsini imzalaması qaçılmaz olacaq.