YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdış” adlanan proqramın icrasına başlanılıb

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunması ölkəmiz üçün əlamətdar hadisədir. Azərbaycanın sammitdə iştirakı təşkilata üzv ölkələr arasında birliyi nümayiş etdirməklə yanaşı bu, həm də dostluq və qardaşlıq əlamətidir. Ölkəmiz 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür və təşkilat ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Azərbaycan Ərəb Dövlətləri Liqası ilə mövcud əməkdaşlığı genişləndirmək niyyətindədir.

Ərəb Dövlətləri Liqasının Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması özü bu təşkilatla ölkəmiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir.  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə diqqət çəkdi və Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan torpaqları otuz il Ermənistanın işğalı altında qalmış və ölkəmiz bütün bu işğal illəri ərzində hər zaman ərəb ölkələrinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etmişdir.

Çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığına diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, dünya Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı heç zaman unutmamalıdır. Gələcəkdə baş verə biləcək belə faciələrin qarşısı qəti-şəkildə alınmalıdır. Bu günə qədər Azərbaycan beynəlxalq aləmdə müsəlman qardaşlarına öz dəstəyini heç zaman əsirgəməyib. Ölkəmizin İslam həmrəyliyinə kifayət qədər töhfə verdiyini bildirən Prezident İlham Əliyev  2017-ci ilin  Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyini bildirdi.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini qeyd edən Prezident İlham Əliyev ölkəmizin bu istiqamədə olan fəaliyyətindən bəhs etdi. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və ölkəmiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu isə Azərbaycanın mövqeyinə, eləcə də həyata keçirdiyi  siyasətə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Prezident İlham Əliyev vurğuladı ki, Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Bu əməkdaşlıq yaxın gələcəkdə genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

Məlum olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmiş, eyni zamanda, Qoşulmama Hərəkatının Sammitini təşkil etmişdir. 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı da məhz Azərbaycan olmuşdur. Təbii ki, müəllifi Prezident cənab İlham Əliyevin olduğu bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.

Azərbaycanın Qoşulmama Hərəkatına sədri qismində COVID-19-la bağlı həyata keçirdiyi tədbirlər mövzusundan bəhs edərkən Prezident İlham Əliyev ölkəmizin peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı olduğunu Sammit iştirakçılarının diqqətinə çatdırdı. Pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi və inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər. Lakin resursları olmayan ölkələr vaksin əlçatanlığından əziyyət çəkməyə məcbur idilər. Azərbaycan bu məsələdə peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı Prezident cənab İlham Əliyev BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycanın iki il əvvəl öz ərazilərini güc yolu ilə azad etdiyini bildirdi. Azərbaycan Ermənistanın 30 il  davam edən işğalçılıq siyasətinə son qoydu və torpaqlarını azad etdi. Ölkə başçısı diqqətə çatdırdı ki, aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, etnik təmizləməyə məruz qalmışdır. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törətmişdir.

Prezident İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edilsə də bu qətnamələrin heç vaxt icra olunmadığını öz çxışında xüsusilə vurğuladı. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bunun ikili standart və yolverilməz olduğunu qeyd edən ölkə başçısı beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmanı qətiyyətlə pislədi. Odur ki, Azərbaycan ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Prezident cənab İlham Əliyev qətiyyətlə vurğuladı ki, münaqişələrə yanaşmalarda ikili standart olmamalı, işğal işğal adlandırılmalıdır.

Azərbaycan həqiqətlərindən bəhs edən ölkə başçısı Ermənistanın işğalı nəticəsində on min kvadratkilometrdən çox ərazimizin tamamilə məhv edildiyini və bu ərazinin bəzi ölkələrin ərazisinə bərabər olduğunu bildirdi. Bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmiş, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri belə dağıdılmışdır. İşğal zamanı 67 məsciddən 65-nin Ermənistan tərəfindən tamamilə məhv edildiyini bu terrorçu ölkənin islamofob mahiyyətinin təzahürü olduğunu qeyd edən Prezident İlham Əliyev erməni terrorunun sülh dövründə də davam etdiyini bildirdi. Belə ki, 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan artıq “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb və  öz resursları hesabına  həmin torpaqları bərpa edir.

DİGƏR Xəbərlər Arxiv