YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirak ölkələrimiz arasında birliyi nümayiş etdirir

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığının göstəricisidir

“Dövlət başçısı İlham Əliyevin son xarici səfərlərinə, qatıldığı beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirməklə tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycanın  artan rolunun, möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etmək mümkündür. Prezident İlham Əliyevin ötən  ay Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında, onun ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin  6-cı Zirvə Toplantısında, noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı da deyilənlərin təsdiqidir. Hər bir tədbir mahiyyəti, mövzusu ilə yanaşı, həm də  keçirildiyi məkan,   hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi üçün iştirakçı dövlətlərin malik olduqları imkanların təqdimatı baxımından  əhəmiyyət kəsb edir. Bu tədbirlər, eyni zamanda, tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbulunda öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmamasının yaratdığı problemlərdən bəhs edir. Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfəri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. 1945-ci ildə Qahirədə təsis edilən, 22 dövlətin birləşdiyi Ərəb Dövlətləri Liqası  siyasi məsələlərə xüsusi diqqətlə yanaşan, Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən nüfuzlu təşkilatdır. Dövlət başçısı İlham Əliyevin təşkilatın tribunasından həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırması bir daha dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışı oldu.  Tədbirdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini önə çəkən Prezident İlham Əliyev bu dəvəti, eyni zamanda, dostluq və qardaşlığın təzahürü kimi dəyərləndirdi. Vurğuladı ki,  bu mötəbər Sammitdə iştirak və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir.

Ölkəmizin ərəb dövlətləri ilə əməkdaşlığının əsrlərə söykənən zəngin tarixi kökləri var. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri inkişaf edən Liqa ölkələri ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də beynəlxalq səviyyədə də qarşılıqlı hörmət əsasında davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi bunun bariz nümunəsidir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasına səfəri ölkəmizlə bu təşkilat arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük töhfələr verəcək. Sammit Əlcəzairin Milli Azadlıq Gününə  təsadüf etdi.  Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında diqqəti 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldərək bildirdi ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir.  Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da  xüsusi vurğulayıb ki, təcavüzkar Ermənistanı dəstəkləyən Fransanı məhz bu ölkəyə birləşdirən dəyər qətliamlar və soyqırımlardır: “ Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.”

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev Zirvə toplantısında  Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığını faktlarla sübut etdi: “Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycanın Qarabağ bölgəsində yürütdüyü siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir.  Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu hadisənin bənzərini biz 1992-ci ildə Xocalıda müşahidə etdik. Bu gün Fransa tərəfindən dəstəklənən Ermənistan o vaxt Xocalının dinc əhalisinə qarşı özü də gecə vaxtı soyqırımı törətdi. Bundan əlavə, həm Fransa, həm də Ermənistan müharibə zamanı Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə  pozaraq qadağan olunmuş silahlardan istifadə ediblər. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bu mühüm məqamı da qeyd edək ki, Əlcəzairin işğalı zamanı fransızlar bu ölkənin ərazisində  5 milyondan çox mina basdırmışdı. Bu, bizə torpaqlarımızın  işğalı zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.”

“Qısa təhlil əsasında bu fikri böyük əminliklə qeyd edə bilərik ki, Fransa ilə Ermənistan arasında bir çox “oxşarlıqlar” mövcuddur və onların heç biri törətdikləri cinayətlərə görə cavab verməyib” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb  ki, ikili standartlar və riyakarlıq bütün hallarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir: “Bu riyakarlıq isə bu gün demokratiya adı altında pərdələnir. Fransanın işğal dövründə, İkinci Qarabağ müharibəsinin getdiyi zamanlarda, həmçinin hazırkı mərhələdə - sülh müqaviləsinin imzalanması məsələsinin gündəmdə olduğu bir vaxtda atdığı addımlar, nümayiş etdirdiyi mövqe diqqətdən kənarda qala bilməz. Erməni sevgisi bu dövlətin həyata keçirdiyi siyasətin  əsas prinsipinə çevrilib.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki,  dövlət başçısı İlham Əliyev ikili siyasətin yolverilməzliyini önə çəkərək dünya güclərinə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa çağırış etdi: “Təbii ki, dünyanın hüquq problemini yaşaması  faciələrə, dövlətlərarası  münasibətlərdə etimad mühitinin olmamasına gətirib çıxarır. Azərbaycan 30 ildə dünyadan ədalət gözlədi. Lakin maraqların beynəlxalq hüququ və ədaləti üstələməsi münaqişənin həllinin uzanmasına və sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  işğala son qoydu. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimiz güc yolu ilə azad edildi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. Artıq tarixi Zəfərimizin ikinci ilinə bir neçə gün qalır.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi Qoşulmama Hərəkatına sədrlik dövrünün  üzv dövlətlərin yekdil qərarı əsasında daha bir il uzadılmasını qeyd edib: «Azərbaycanın quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı dövrə təsadüf edir. Məhz Azərbaycanın təşəbbüsü ilə pandemiyanın kəskin xarakter aldığı dövrdə Qoşulmama Hərəkatının Zirvə toplantısı, həmçinin BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Ölkəmizin «peyvənd millətçiliyi»nə qarşı mübarizəsi də beynəlxalq aləmdə təqdir olunan addımlarımız sırasında oldu.  Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”, vaksinlərin ədalətsiz paylanılması ilə bağlı çağırışları dünya birliyində  xeyirxahlıq və insanlığa qayğı kimi dəyərləndirildi.”

“Hər bir beynəlxalq əhəmiyyətli tədbir perspektivlərin müəyyənləşdirilməsində mühüm rol oynayır” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki,  bütün dövrlər üçün aktuallığını saxlayan birlik, həmrəylik, sülh, əməkdaşlıq çağırışları günümüzün əsas tələbidir. Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına dəstək sözdə deyil, əməldə öz əksini taparsa, qarşıdakı dövrdə yeni əməkdaşlıq formatlarının yaradılmasına, mövcud formatların tərkibinin genişləndirilməsinə imkanlar yaranar ki, bu da öz növbəsində bölgənin dayanıqlı inkişafına böyük töhfə  olar.