YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstan əlaqələri regionda sülhə və sabitliyə xidmət edir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanla Gürcüstan arasında münasibətlər hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri hər iki ölkənin mehriban qonşuluq və tarixi dostluq əlaqələrinə öz töhfələrini verir.

Prezident İlham Əliyev oktyabrın 24-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində Gürcüstana işgüzar səfəri bir daha təsdiq etdi ki, möhkəm təməl üzərində qurulan dostluq və dövlətlərarası əlaqələri bu gün də yüksək səviyyədədir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər zamanı Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatları da onu nümayiş etdirdi ki, Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrin yeni bir mərhələyə qədəm qoyub.

Hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi, regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən birinin Gürcüstan olması ölkələr arasında uğurlu regional əməkdaşlıq münasibətlərində ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Azərbaycan və Gürcüstan əlaqələri getdikcə  daha da inkişaf edir, təkcə ölkələrimiz üçün deyil, region, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyan böyük layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.

2021-ci ildə Gürcüstan Azərbaycanın səkkinci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 558 milyon dollar ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon dolları ötüb. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb.

Mətbuata bəyanatında Prezident İlham Əliyev həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılacağını da diqqətə çatdırıb: "Biz bunu 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var".

Sözsüz ki, yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.

“Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır". Ölkə başçımızın söylədiyi bu fikirlər qonşu ölkələr arasındakı əlaqələrin bölgə üçün, Avropa üçün əhəmiyyətini bir daha önə çəkib.

Eyni zamanda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, Bakı-Tbilisi-Supsa və digər kəmərlərlə nəql olunan neft və qazın həcminin artırılması, sülh platforması bölgədə sülhə və sabitliyə xidmət edəcək. Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərməklə, qarşılıqlı faydalı əməkdaşlıq sahəsində daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bütün sahələr üzrə əməkdaşlığımızda çox böyük perspektivlər, ən əsası isə, güclü siyasi iradəsi var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Azərbaycan-Gürcüstan əlaqələri Qafqazın geopolitikasında ən güclü müttəfiqliklərdən birini formalaşdıracaq”.