YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mühüm tarixi hadisədir

“Vətən müharibəsində şanlı qələbə qazanılmasından az vaxt ötməsinə baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində yüksək nəticələr əldə edib. Belə ki, son iki ilə yaxın müddətdə həmin ərazilərdə  möhtəşəm layihələrin təməli atılıb və onların bir hissəsinin icrası artıq başa çatıb. Dövlətimiz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı ləyaqətli şəkildə təmin etməyi hədəfləyib. Bir qədər bundan əvvəl ilk sakinlərin işğaldan azad edilmiş ərazilərə köçürlməsinə start verildi. Zəngilan rayonunun Ağalı kəndində yaradılan “ağıllı kənd” işğaldan azad olunmuş ərazilərdə salınan ilk yaşayış məntəqəsidir. Oktyabrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi növbəti bir tarixi hadisə odu”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də ölkəmizə səfər edərək Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, eləcə də digər tədbirlərə qatılması, Şərqi Zəngəzurun bərpası istqamətində bir sıra layihələrin təməlini Azərbaycan Prezidenti İlham Əliyevlə birgə atması dövlətlərimizin qardaşlığının nümunəsinin növbəti təntənəsidir. Zəngilan Hava Limanı ən müasir standartlar səviyəsində inşa olunub. Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. O da məlumdur ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Prezidentlər  İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Prezidentlərimiz tərəfindən təməli atılan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyası Zəngəzur dəhlizinin bir hissəsidir.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri böyük vüsət alıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlərlə tanış olub, yeni təməllər atıblar. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Qubadlının Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Bu səfərdə ən yaddaqalan məqamlardan biri isə Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinin sakinləri ilə görüşdür. Doğma yurdlarına qayıdan insanların çöhrəsindəki xoşbəxtlik, doğma yurda qayıdış sevinci aydın şəkildə hiss olunurdu. Müzəffər Ali Baş Komandan başda olmaqla bu  sevinci xalqımıza yaşadan qəhrəman döyüşçülərimizə, şəhidlərimizə və qazilərimizə hər zaman borcluyuq.