YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra 2020-ci ilin dekabr ayında Qubadlıya ilk səfəri zamanı Azərbaycan Bayrağının ucaldılmasından sonra səsələndirdiyi bu fikirlər sahibinə qovuşan torpaqlarımızın sevincinə təbiətin də dəstək olduğunu nümayiş etdirir.

Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi  böyük strateji üstünlüyü təmin etdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi.  Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol  Ermənistanın dövlət sərhədinin yanı ilə keçir. Ona görə hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan və Türklər kəndi azad edildi və eyni zamanda, strateji yüksəkliklər ələ keçirildi.

Düşmən bilirdi ki, Şuşa azad edilmədən müharibə dayana bilməz. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı da xüsusi qeyd etmişdir ki, erməni silahlı qüvvələri Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyimizi düşünürdülər. Azərbaycan Ordusu Şuşaya başqa yolla getdi. Bu günə qədər də onlar inana bilmirlər ki, qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Bu baxımdan  Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra  Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı.

Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi ölkəmizin gücünü, qüdrətini, dövlətimizin qətiyyətini, dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edilib. 44 günün hər günü tariximizin zəfər səhifələri ilə zəngindir. Çünki elə bir gün yox idi ki, hansısa şəhər və kəndin işğaldan azad edilməsi müjdəsi verilməsin. Cəbrayl, Füzuli, Zəngilan şəhərlərinin ardınca Qubadlı şəhəri azadlığına qovuşdu. Vətən müharibəsinin gedişi dövründə Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 5209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən hazırkı dövrün əsas çağırışının məhz işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması olduğunu bildirir. Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması  üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün  bütün tikililəri tamamilə dağıdıblar. Tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir.

Bütün bunlara baxmayaraq torpaqlarımızın öz sahibində olmasından sevincliyik. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb. Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu.

Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün şəhərlərin Baş planları təqdim edilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da Qubadlıya səfəri zamanı Qubadlı şəhərinin Baş planı təqdim edildi. Atılan hər bir addım Böyük Qayıdışın davamlı olacağına inamı daha da artırır. Soydaşlarımız, o cümlədən qubadlılar öz yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.