YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Qubadlı yeni inkişaf dövrünü yaşayır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Hazırda bu ərazilərimizdə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan  Beynəlxalq Hava Limanları istifadəyə verilib.  2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.  Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, görülən işlərin yalnız bir hissəsidir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa edilib.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı təşkil edilən sorğulara diqqəti yönəldərək bildirir ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir. Bu, əlbəttə ki, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Bunu hiss edir və xoşbəxtik.

İşğaldan azad edilmiş ayrı-ayrı şəhərlərdə, kəndlərdə görülən işlərə gəldikdə isə bu ərazilərin işğaldan azad edildikləri tarixlər sanki bir hesabat xarakteri daşıyır. Qısa müddətdə, iki ildə görülən işlərin miqyası olduqca genişdir.

Oktyabrın 25-i Qubadlı şəhərinin işğaldan azad edildiyi tarixdir. Bir daha iki ildə görülən işlərə nəzər salıb qarşıdakı dövrün planlarını açıqlamaqla bu fikri böyük inamla qeyd edə bilərik ki, qubadlıların öz dogma yurd-yuvalarına qayıdacağı gün  heç də uzaqda deyil.

Şəhər və kəndlərimiz dağıntı mərhələsindən yeni inkişaf dövrünə qədəm qoyub. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulan bu torpaqlar müasir tələblərə yüksək səviyyədə cavab verir.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaq. Ümumiyyətlə, infrastruktur layihələrinin icrası bərpa-quruculuq işlərində ilk mərhələni təşkil edir.

Bu gün vaxtilə işğal edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması qürurvericidir. 2020-ci ilin dekabr ayında dövlət başçısı İlham Əliyev Qubadlıya səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında “Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır” söyləyərək onu da qeyd etmişdir ki, mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir. Müzəffər Ali Baş Komandan bu məqama da xüsusi diqqət yönəltmişdir ki, azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik.

Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir. Görülən və görüləcək işlər rayonun gələcəyi barədə aydın təsəvvür yaradır. Müzəffər Ali Baş Komandan bildirir: “Biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz.”